BAKI, 8 iyun — Sputnik. İyun ayının 15-dən ölkədə çimərlik mövsümü başlayacaq. May ayının 16-dan etibarən Xəzər dənizinin çimərlik ərazilərində monitorinqlərə start verilib. Monitorinqlər iki qurum tərəfindən aparılıb. Həmin çimərlik ərazilərində dəniz suyu nümunələri götürülür və Səhiyyə Nazirliyində və ETSN-in laboratoriyalarında dəniz suyunun keyfiyyət göstəricilərinə baxılır. Buna uyğun olaraq hansı çimərlik ərazilərində daha çox bioloji, kimyəvi çirklənmənin olduğu müəyyənləşdiriləcək.
Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Çimərlikdə dəniz suyunun monitorinqi" mövzusunda danışarkən deyib ki, vətəndaşlar Xəzər, Sabunçu və Binəqədi rayonları ərazisindəki çimərliklərdən istifadə edə bilərlər: ""Aparılan monitorinqlərin nəticəsinə görə, Xəzər və Binəqədi rayonu ərazisindəki çimərliklərdə vətəndaşların çimməsi məqsədəuyğundur. Qaradağdakı Sahil, Səbaildəki Şıx çimərliyi, Hövsan və Türkan çimərliklərində vətəndaşların çimməsi məqsədəuyğun sayılmır. Çünki bu ərazilərdə külli miqdarda bakteriya aşkarlanıb. Nəticələr barədə aidiyyəti qurumlara məlumatlar veriləcək".
Onun sözlərinə görə, monitorinqlər zamanı nümunələr çimərliyin üç nöqtəsindən götürülür. Z.Kazımov deyib ki, çimərliklərdə mövsüm dövründə mütəmadi yoxlamalar aparılacaq. Bu iş hər həftə oktyabr ayının 1-dək davam etdiriləcək. Regionlarda da bu tədqiqatlar çimərlik mövsümünün sonunadək davam etdiriləcək.
Z.Kazımov bildirib ki, Suraxanıda yerləşən Duzlu göldə çimmək qadağan edilib. Onun sözlərinə görə, həmin ərazidə heç bir təmir işləri getmir və antisanitar şərait hökm sürür.
Qeyd edək ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov da mətbuata açıqlamasında bildirib ki, Hövsan kanalı və digər çirklənmə mənbələrindən gələn çirkab suları ilə Xəzər dənizi çirklənir. O bildirib ki, ETSN olaraq dəfələrlə aidiyyəti qurumlar qarşısında məsələ qaldırıblar: "Hövsan və Bakı ərazisində olan digər kanallar ətraf qəsəbələrin çirkab sularını özündə birləşdirir. Gələcəkdə bu kanallar vasitəsilə axıdılan çirkab sularının ümumiləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşularaq qarşısı alınmalıdır. "Azərsu"yun baş planında bu problemlərin aradan qaldırılması nəzərdə tutulub".