BAKI, 8 iyun — Sputnik. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən yarana biləcək xəstəlik və qlobal infeksiyalarla əlaqədar tədbirlər görülür.
Bunu APA-ya meymunçiçəyi virusu ilə bağlı açıqlama verən TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva bildirib.
O deyib ki, dünyada baş verən prosesləri izləyirlər:
"Meymunçiçəyi infeksiyası diqqətimizdədir. Hazırda ölkəmizdə bu xəstəlik müşahidə edilməyib".
Məlumat üçün bildirək ki, suçiçəyi və meymunçiçəyinin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqə gəldikdə isə meymunçiçəyi xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir.
Xəstəliyə ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında rast gəlinib. 2016-cı ildən bəri təsdiqlənmiş hallar son vaxtlar daha çox Mərkəzi Afrika Respublikası, Konqo Respublikası və Nigeriyada rast gəlinir.
2017-ci ilin sentyabrından bəri Nigeriyanın 32 ştatında 558 xəstə aşkarlanıb, 8 nəfər ölüb. Xəstəliyin 20 dəfə artmasının səbəbini 1980-ci ildə çiçək xəstəliyinə qarşı peyvəndin dayandırılması ilə əlaqələndirirlər.
Virusun inkubasiya dövrü 7-19 gündür. Xəstəlik heyvandan insana əsasən, heyvanın insan bədənini cızması, qanı və ya havadakı tənəffüs damcıları vasitəsilə ötürülə bilər. Lakin insandan insana keçməsi halları da müşahidə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.