CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ATU qısa şalvar və mayka məsələsinə aydınlıq gətirdi

Universitetdən bildirilib ki, bir tələbənin tərzi digər tələbənin etirazına səbəb ola bilər.
Sputnik
BAKI, 8 iyun — Sputnik. Azərbaycan Tibb Universitetinin kitabxanası ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat rezonansa səbəb olub.
Belə ki, kitabxanaın önündə vurulan elanda qeyd olunur ki, ictimai qaydalara uyğun olaraq, Əsaslı Kitabxanaya qısa şalvarda (şort), maykada gəlmək qəti qadağandır.
Rezonans doğuran məsələ ilə bağlı ATU-dan bildirilib ki, bu elanda qeyri-adi bir hal yoxdur:

"Elan tamamilə etikdir və cəmiyyətin dəyərlərinə görə bizim bir müraciətimizdir. Hətta cəmiyyətdə belə geyim qaydalarına uyğun normativlər var. Azərbaycan Tibb Universitetinin də daxili nizam-intizam qaydaları var. Bu səbəbdən müəyyən məsələlərin tənzimlənməsi normaldır. Dünyanın ən inkişaf etmiş ölkələrində belə "dresscode"lar var".

"Belə bir məsəl var ki, bir insanın azadlığı başqasının hüquqlarının başladığı yerə qədərdir. Bir tələbənin tərzi digər tələbənin etirazına səbəb ola bilər. Bir tələbə istədiyi kimi geyinsin deyə, digərlərinin mövqeyini görməzdən gələ bilmərik", - deyə ATU-dan verilən məlumatda bildirilib.
Universitetdən verilən məlumatda bildirilib ki, "dresscode"la bağlı məhdudiyyət yalnız kitabxanaya aiddir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.