BAKI, 7 iyun — Sputnik. Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, Dövlət mükafatı laureatı, professor Amaliya Pənahovanın şəxsi arxiv fondu yaradılıb.
Fonda görkəmli sənətkarın 80 nadir fotoşəkli, kitabları, şəxsi sənədləri, qəzet və jurnallar daxil olub. Xalq artisti Amaliya Pənahovanın şəxsi arxiv fondunun yaradılması sənətkarın doğum gününə ithaf olunub. Şəxsi arxiv fonduna daxil olan sənədlər sənətkarın qızı Aynur Muxtarova tərəfindən təhvil verilib.
Xatırladaq ki, Amaliya Pənahova "Əhməd haradadır?", "Həyat bizi sınayır", "Xatirələr sahili", "Səmt küləyi", "Mezozoy əhvalatı", "Arxadan vurulan zərbə", "Qərib cinlər diyarında", "Mən mahnı qoşuram", "Babək", "Gözlə məni", "Bircəciyim", "Cavad xan" kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.
Məlumat üçün bildirək ki, Amaliya Pənahova SSRİ və Azərbaycan SSR Dövlət mükafatı laureatıdır, "Şöhrət" və "Şərəf" ordenlərinə layiq görülüb. O, Avropanın əməkdar elm və mədəniyyət işçisi, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq doktoru olub. O, teatr və kinoda 500-dən çox rol ifa edib, rejissor kimi 20-yə yaxın tamaşanı səhnələşdirib. Aktrisa 2018-ci il noyabrın 8-də vəfat edib.
Qeyd edək ki, bundan öncə Ənvər Həsənov, Leyla Bədirbəyli, Eldar Quliyev, Şahmar Ələkbərov, Rasim Ocaqov kimi kino xadimlərinin şəxsi arxiv fondu yaradılıb .