PAYTAXT XƏBƏRLƏRİ

Bakının mərkəzində ağacların kəsilməsinə görə vəzifəli şəxs cərimələnib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib
Sputnik
BAKI, 7 iyun — Sputnik. Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ərazidəki qəzalı vəziyyətdə olan ağacın götürülməsi ilə bağlı Nəsimi rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət olunub.
O qeyd edib ki, Agentlik həmin ərazidə qəzalı vəziyyətdə olan 1 sofora ağacının götürülərək yerində yeni ağacın əkilməsi şərtilə rəy verib. Agentliyin verdiyi ekspertiza rəyinin tələblərinə əməl olunmadığı üçün Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.
Bakının mərkəzində yaradılan qanunsuz parkinq sökülür. Artıq paytaxtın Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanına müvafiq qurum tərəfindən texnika və canlı qüvvə cəlb olunub.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Araşdırmalarla məlum olub ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb.
PAYTAXT XƏBƏRLƏRİ
Qanunsuz parklanma söküldü - REPORTAJ - FOTO, VİDEO