PAYTAXT XƏBƏRLƏRİ

Qanunsuz parklanma söküldü - REPORTAJ - FOTO, VİDEO

Qanunsuz parklama yeri fəlaiyyət göstərməyə başlayar-başlamaz sökülüb.
Sputnik
BAKI, 7 iyun — Sputnik. Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yaradılan qanunsuz parkinq Prezident İlham Əliyevin tapşırığına əsasən sökülüb. Sputnik Azərbaycan-ın xəbərinə görə, əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) texnika və canlı qüvvəsi cəlb olunub. AAYDA-nın əməkdaşları əvvəlcə beton dirəklərlə parklanma yerinə girişi məhdudlaşdırıblar. Daha sonra parklanma yerindəki dəmir sədd sökülüb.
Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yaradılan qanunsuz parklanma yeri
Əraziyə gələn Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) mətbuat xidmətinin rəhbəri Əli Vəliyev hadisə yerində jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, qurum tərəfindən ərazidə olan ağacla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məktubla müraciət edilib: "Nazirliyin Dövlət Ekoloji Ekspertiza Agentliyi gəlib baxış keçirib. Nazirlik və Nəsimi Rayon Bələdiyyəsi tərəfindən rəy verilib ki, buradakı ağac quruyub, insanlar üçün təhlükə yaradır. Küləkli hava şəraitində aşa bilər. Ekspertizanın rəyindən sonra ağac kəsilib. Biz ağac kəsməmişik. Ağacı dövlətin müvafiq qurumları kəsib. Parklanma yeri ittifaq tərəfindən yaradılmayıb".
Amma Ə. Vəliyev ərazidə parklanma yerinin yaradılması üçün İttifaq tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edildiyini söyləyib: "İttifaqın üzvüləri hamısı yaşlı insanlardırlar. Onlar kinomuzun korifeyləridir. İttifaqa gələrkən onlar avtomobillərini park etməyə çətinlik çəkirdilər. Ona görə biz burada parklanma yerinin yaradılması üçün BŞİH-ə müraciət etdik. Mart ayında ağacın kəsilməsi üçün rəy verilib. Daha sonra ərazidə parklanma yerinin yaradılması üçün icazə verilib. Biz nə parkinq yaradan qurumuq, nədəki ağac kəsən".
Ə. Vəliyev həmçinin qeyd edib ki, səki balacalaşdırılmayıb. Onun sözlərinə görə, səki üçün lazımi qədər yer saxlanılıb. Ə. Vəliyev bildirib ki, ağacın şəkillərindən də görünür ki, içərisi çürük olub.
***
Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında salınmış qanunsuz parklanma yerinin sökülməsinə başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a parklama yerinin söküntüsü ilə məşğil olan AAYDA-nın iş icraçısı məlumat verib.
Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yaradılan qanunsuz parklanma yeri
Onun sözlərinə görə, öncə parklama yerində olan avtomobillər çıxarılacaq, daha sonra isə ərazi beton hasara alınacaq. Onun ardınca isə yerə daş plitələr döşənəcək.
Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yaradılan qanunsuz parklanma yeri
Artıq AAYDA-nın texnikası və beton plitələr hadisə yerinə gətirilib.
***
Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) APA-ya verilən xəbərə görə, az öncə sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılıb.
Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yaradılan qanunsuz parklanma yeri
“Qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır”, - məlumatda qeyd olunub.
Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri Xalq artisti Şəfiqə Məmmədova, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri isə Xalq artisti Rasim Balayevdir.
Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında yaradılan qanunsuz parklanma yeri
Yeri gəlmişkən, məsələdə adı hallanan Azərbaycan Kinematoqrafçılar İttifaqı da məsələyə reaksiya verib: "Son iki gündə Bülbül prospektindəki çoxillik ağacların kəsilməsi ilə bağlı sosial mediada Azərbaycan Kinematoqrafçılar İttifaqının adı hallanır. Hətta bu gün səhər saatlarında Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bu məsələ ilə bağlı ofisimizə zəng də daxil olub. Bununla əlaqədar yazıb bildiririk ki, Azərbaycan Kinematoqrafçılar İttfaqının ofisi Həsən Seyidbəyli küçəsi 18-də yerləşir və ağaclara vurulan ziyanla bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqı heç bir məsuliyyət daşımır".
***
Bakının Nəsimi rayonunda ağaclar kəsilib, yerində parkinq salınıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edib. Bildirilib ki, sözügedən ərazidə çoxillik ağaclar kəsilərək piyadalar üçün səki daraldılıb.
Sputnik Azərbaycan məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb.
Bildirilib ki, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacın kəsilməsi ilə bağlı artıq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Bakı Nəqliyyat Agentliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, hazırda ərazidə parklanma yerinin kim tərəfindən yaradıldığı barədə araşdırmaya başlanılır. Qurumun mətbuat xidməti Mais Ağayev yaxın dəqiqələrdə açıqlama verəcəyini bildirib.
Telejurnalist Azər Qərib özünün sosial şəbəkə səhifəsində faktı çox ciddi tənqid edib: "Bilirsiniz bu nədir? Bu, "bespredel"in pik nöqtəsidir. 50 metr aralıda yeraltı parkinq var, amma məmur xalqın içi ilə 50 metr gedə bilməz, özünə yaraşdırmaz bunu, gərək kabinetindən çıxıb dərhal xidməti avtomobilinə minsin. Mən söz tapa bilmirəm, şəhərin tam mərkəzində ağacları kəsib, piyada səkini daraldıb, camaatın yolunu kəsib özünə parkovka düzəldəsən? Bu qədərmi harınlaşma prosesi dərinləşib?
Görəsən, 200 metr aralıda yerləşən Səbayıl İcra hakimiyəti və Ekologiya Nazirliyi nə düşünürlər bu haqda?", deyə o, qeyd edib.
Jurnalistin fikrincə, bu məsələ yenə dövlət büdcəsindən 5-10 manat cərimə verməklə bitəcək. O, statusunun sonunda şokda olduğunu bildirib.
Fotolardan görünür ki, ağaclar elə bu günlərdə kəsilib. Həmin yerdə səki bir qədər daralıb və bir neçə avtomobil üçün şəxsi parklanma yeri salınıb. Başqa maşınların daxil olmaması üçün dəmir maneələr qoyulub və kilidlənib.