PAYTAXT XƏBƏRLƏRİ

Bakı çimərliklərində qiymətlər necədir?

Öən illə müqayisədə paytaxt çimərliklərində hansısa qiymət artımı varmı? Bu barədə Sputnik Azərbaycan-ın materialında.
Sputnik
BAKI, 7 iyun — Sputnik. Azərbaycanda hər il olduğu kimi bu il də çimərlik mövsümü iyunun 15-dən başlanacaq. Lakin artıq bir sıra özəl çimərliklər mövsümə başlayıb.
Maraqlıdır, qiymətlər necədir, ötən illə müqayisədə hansısa dəyişiklik varmı? Bununla bağlı sorğu apardıq.
Mərdəkanda yerləşən "Xəzər Golden beach"dən bildirildi ki, dəniz kənarında "lejanka"nın (uzanıb istirahət etmək üçün vasitə) icarə qiyməti 10 manat, dəniz qırağında isə 5 manatdır. Dəniz qırağında kölgəliklərin isə icarə haqqı 30 manatdır. Dəniz qırağında "lejanka" götürüb hovuzdan da pulsuz istifadə etmək olar:

"Artıq çimərlik mövsümünü açmışıq. Qeyd edək ki, ötən illə müqayisədə qiymətlər qalxmayıb".

Novaxanıda yerləşən "My beach hotel"dən isə bildirilib ki, 5 yaşdan yuxarı olan şəxslər üçün çimərlik ödənişlidir.
Bakıda çimərlik
Burada 5-12 yaşlı uşaqlar üçün həftəiçi qiymət 15, həftəsonu isə 20 manat təşkil edir. 12 yaşdan yuxarı olanlar üçün həftəiçi 20, həftəsonu isə 25 manatdır:

""Lejanka", stol, hovuz giriş puluna daxildir. Dənizkənarı əraziyə kənardan qida buraxılmır".

"Beluga Beach Hotel"də çətir və masaların icarə haqqı 15, "lejanka"ların 5 manat təşkil edir. Həftəsonu isə qiymətlərdə bir qədər də dəyişiklik var.
Belə ki, həftəsonu ümumilikdə çətir və masaların icarə qiyməti 20 manatdır. Müştəri istəsə, istirahət müəssisəsindən yemək sifariş verə, istəsə də özü ilə qida gətirə bilər.
Nardaranda yerləşən "Sea Breeze"dən isə bildirilib ki, istirahət mərkəzinə adambaşına giriş haqqı 20 manatdır. Bura "lejanka", dəsmal, çətir icarəsi, açıq hovuz, dənizdə çimmək daxildir. Həftəiçi ilə müqayisədə həftəsonunda qiymətlərdə hər hansı dəyişikliyin olmadığı vurğulanıb.
Sea Breeze
Qiymətlərə gəldikdə isə, özəl çimərliklərdən bildirilib ki, ötən illə müqayisədə hansısa qiymət artımı yoxdur və mövsümdə də bu artım nəzərdə tutulmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.