BAKI, 7 iyun — Sputnik. Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) qəbulun elektronlaşdırılması istiqamətində son tamamlanma işləri gedir. İyul ayında bağçalara qəbulun elektron qaydada olması planlaşdırılır.
Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev "Təhsil masası"nda deyib. Onun sözlərinə görə, mərhələli şəkildə bölgələr üzrə qəbul olacaq. İlk olaraq Bakı, Sumqayıt, Abşeron və Gəncə üzrə olacaq. Sentyabr ayına qədər ölkə üzrə bağçalara uşaq qəbulu elektron şəkildə təmin ediləcək.
O bildirib ki, bu il ilk dəfə Təhsil Nazirliyin tabeliyində olan dövlət uşaq bağçalarında vakant olan tərbiyəçi və müdirlər üçün namizədlər müsabiqədə iştirak edərək yerləri qazana bilərlər.
Şöbə müdirinin sözlərinə görə, özəl bağçalarda işləmək istəyənlər birbaşa həmin müəssisəyə müraciət edərək işə düzələ bilərlər: "Biz həmin bağçaların fəaliyyətinə qarışa bilmərik".
E.Əliyev qeyd edib ki, uşaq bağçalarında da məktəbəhazırlıq qrupları var: "Həmin qrupların sayı bütün uşaqların hazırlığına şərait yaratmır. 5 yaşı tamam olanların hazırlığa getmələri tövsiyə olunur. Bağçalarla yanaşı, məktəblərdə də hazırlıq qrupları var".
Şöbə müdiri deyib ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi qəbulu da müəllimlərin işə qəbulu sistemi ilə aparılacaq: "Mövcud qanunvericiliyə görə, ali təhsilli ibtidai sinif müəllimi də bağçada işləyə bilər. Məktəbəqədər təhsil müəssisələrinə qeydiyyat zamanı valideyn yalnız bir bağça seçə bilər. Eyni zamanda tərbiyəçinin seçilməsi də sistem tərəfindən həyata keçirilir".
Şöbə müdirinin sözlərinə görə, hazırda bağçalarda məktəbəhazırlıq qrupları bütün uşaqların məktəbəhazırlıq keçməsinə imkan vermir. Təhsil Nazirliyi istəyir ki, 5 yaşı olan bütün uşaqlar məktəbəhazırlıq keçsin. Bağçalarda da, məktəblərdə də məktəbəhazırlıq qrupları var.
Nazirlik rəsmisi uşaqların bağça yaşının əvvələ alınması ilə bağlı məsələyə aydınlıq gətirib. O qeyd edib ki, Məktəbəqədər təhsil haqqında qanun var: "Orada qəbul qaydaları Nazirlər Kabineti tərəfindən qəbul olunub, yaş qrupları haqda məlumat var. Qaydalarda həm körpələr evi uşaq bağçasına, həm də uşaq bağçalarına hansı yaşda uşaqların qəbul edildiyi qeyd edilib. Orada bağça yaşının əvvələ alınması ilə bağlı hər hansı məlumat yoxdur".