BAKI, 6 iyun — Sputnik. Böyük Britaniyada II Yelizavetanın hakimiyyətinin platin yubileyi geniş miqyasda qeyd olunub. İngiltərə bu tarixi hadisəni dörd günlük istirahət günləri ilə qeyd edib. Bu il kraliça taxta çıxmasının 70 illiyini, tacqoymasının 69 illiyini və 96 yaşını qeyd edir.
Jurnalistlər baş verənləri bu cür təsvir edirlər:
"Atlar çapıldı, toplar atıldı, təyyarələr uçdu - Kraliça II Yelizavetanın Platin Yubileyi rəsmi olaraq davam edir".
Kraliçanın özünün bu yaxınlarda "BBC"yə dediyi kimi, onun gəncliyi dövründə heç kəsin ağlına da gəlməzdi ki, kimsə bu yaşa kimi yaşaya bilər, yəni 70 il taxtda qala bilər.
Yubiley şərəfinə ingilislər dörd gün istirahət və geniş şənlik proqramı əldə ediblər. Britaniya mediasının bütün manşetləri hadisəni işıqlandırıb.
Ən əhəmiyyətlisi, kral ailəsinin Bukingem sarayının eyvanından izlədiyi "Trooping the Colour" paradı idi. Vətəndaşları salamlayan kraliçanın gözləri dolub. Parad 82 topdan atılan yaylım atəşi və 70 qırıcı və helikopterdən ibarət Kral Hərbi Hava Qüvvələrinin hava nümayişi ilə başa çatıb. Onların bir qismi 70 rəqəmi şəklində havada düzülüb.
Şou britaniyalılar tərəfindən "sehrli" və "fenomenal" adlandırılıb, çoxları onu canlı izləyib, tamaşaçı sayı isə 13 milyondan çox olub. Bu mənzərə kraliçanın nəticəsi şahzadə Luidə xüsusi təəssürat yaradıb. Səs-küydən qorxan uşağın fotoları artıq çoxsaylı memlərə çevrilib.
Bu dəfə kraliça ilk dəfə idi ki, hökmranlıq ildönümünü bir il əvvəl vəfat etmiş həyat yoldaşı şahzadə Filipsiz qeyd edib. Keçən dövr Yelizaveta üçün asan olmayıb: böyük ailə iğtişaşları, sarsıntılı sağlamlıq, oğlu, şahzadə Endrü ətrafındakı məhkəmə qalmaqalı, Harrinin nəvəsi və onun həyat yoldaşı Meqan Marklın üsyanı.
Əvvəlcədən ictimaiyyətə elan edilmişdir ki, Sassekslər ailənin digər üzvləri ilə birlikdə kral eyvanına dəvət edilməyəcək, çünki fəxri yerlərdə yalnız kral vəzifələrini yerinə yetirməyə davam edənlər iştirak edə bilər. Bu səbəbdən Harri və Meqan şounu saray kabinetindən izləyiblər. "Daily Mail" yazır ki, tədbir ərəfəsində amerikalı "üsyançılar" II Yelizavetaya yubileyin "dramsız" keçəcəyinə söz veriblər.
Ancaq ertəsi gün Sassekslər Müqəddəs Pavel Kilsəsində Şükran Günü mərasimində iştirak edərək yubiley şousunda epizodik rolunu oynamaq fürsəti əldə ediblər. Onlara şahzadə Çarlzla Kamilla və şahzadə Vilyam ilə hersogina Keyt də qatılıblar. Kraliça Yelizaveta səhhətindəki problemlərə görə mərasimdə iştirak etməyib.
Şənlik proqramında daha bir diqqət çəkən məqam "Sarayda Platinum şənliyi" adlı böyük konsert olub. "Queen" qrupunun, Rod Stüart, Duran Duran, Elton Con, Endrü Lloyd Uebber, Andrea Boçellinin çıxış etdiyi Londonun Bukingem sarayı qarşısına 20 mindən çox insan toplaşıb.
Şahzadə Çarlz konsert başlamazdan əvvəl kraliçaya "ana" deyərək qeyri-adi şəkildə müraciət edib – kral ailəsinin üzvləri nadir hallarda ictimai yerlərdə belə sözlərdən istifadə edir, bu cür sözləri adətən şəxsi ünsiyyət zamanı istifadə edirlər.
Kraliçanın özü konsertdə olmayıb, lakin tamaşaçılara əvvəlcə II Yelizavetanın ayı ilə - ingilislərin Maykl Bondun məşhur kitablar seriyasındakı ən sevimli personajı olan Paddinqtonla "çay içdiyi" məzəli video nümayiş etdirilib.
Aparıcı nəşrlər platin ildönümü ilə bağlı hər şeyi bu cür təntənənin "əvvəllər heç vaxt baş vermədiyinə görə" misilsiz adlandırırlar. Heç bir monarx bu qədər uzun müddət Britaniya aristokratiyası nəslinin başında oturmayıb.
Kraliçanı "dünyanın ən yaşlı dövlət başçısı" və "zaman və tarixin ölçüldüyü qadın" adlandırıblar.
Britaniya mətbuatında eyni zamanda qeyd edirlər ki, "Kraliça uzunömürlülük baxımından üstün olsa da, onun populyarlığını dünyasını dəyişmiş, lakin ingilislər tətəfindən unudulmayan şahzadə Diana kölgədə qoya bilər". Görünür, kral sarayında bunu çox yaxşı anlayırlar və ona görə də Platin Yubiley günlərində mərhum şahzadəni də unudmayıblar. Belə ki, Diananın toyunda taxdığı məşhur tiara "Sotheby's" tərəfindən təşkil edilən kral tiaraları sərgisi çərçivəsində ictimaiyyətin diqqətinə təqdim edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.