BAKI, 6 iyun - Sputnik. Gəncədə toyda musiqi sifarişinə görə dava olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
O qeyd edib ki, iyunun 5-də Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri - Şəfaət İslamlı və onun həyat yoldaşı R.İslamlının kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini Rüfət Həsənzadə saxlanılıb.
İlkin araşdırma zamanı müəyyən olunub ki, R.Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində iştirak edən zaman musiqi sifarişinə görə N.Məmmədov ilə mübahisə edib. Daha sonra R.Həsənzadə N.Məmmədovu bıçaqlayıb. Bu zaman N.Məmmədovun bacısı və qadının həyat yoldaşı onları aralamağa çalışıb. Həmin vaxt ər və arvad da bıçaq xəsarətləri alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.