BAKI, 6 iyun - Sputnik. Gürcüstan hökuməti “Borjomi” mineral sular şirkətinin əsas səhmdarlarından biri olacaq. Hökumət yaxın günlərdə şirkətin səhm paketini alacaq. Azərtac xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin bugünkü iclasında bildirib.
Hökumət başçısı qeyd edib ki, bir həftədən sonra dövlət şirkətin sahiblərindən biri olacaq.
Ölkənin İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bununla bağlı danışıqları başa çatdırmaq üzrədir.
Onun sözlərinə görə, gələn həftə hökumətin iclasında “Borjomi” şirkətinin səhmləri məsələsi müzakirəyə çıxarılacaq, dövlət “Borjomi”nin səhmdarlarından biri olacaq:
“Mayın 31-dən başlayaraq şirkətin əməkdaşları iş şəraitinin yaxşılaşdırılması tələbi ilə aksiya keçirirlər. Dövlət buna biganə qalmayacaq. Biz hamı ilə ədalətli davranacağıq”.
Məlumat üçün qeyd edək ki, aprelin 29-da “IDS Borjomi Georgia” maliyyə çətinliyi ilə əlaqədar Gürcüstanda fəaliyyətini dayandırdığını elan edib.
Şirkət rəhbərliyi bunu Ukraynada həyata keçirilən hərbi əməliyyatla əlaqələndirmişdi. Mayın 19-da isə səhmlərini əvəzsiz olaraq hökumətə verməyə hazır olduğunu bəyan etmişdi.
İyunun 6-da isə şirkətin əməkdaşları zavodun bütün yollarını bağlayıb. Hələlik işçilərlə rəhbərlik arasında heç bir razılıq əldə olunmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.