BAKI, 5 iyun - Sputnik. Qazaxıstanda referendum baş tutub. TASS xəbər verir ki, belə bir açıqlama ilə ölkənin Mərkəzi Seçki Komissiyası çıxış edib.
Məlumata görə, referendumda seçici fəallığı 50%-lik həddi keçib və 7 saat ərzində 53,43% səs verib.
Qeyd edək ki, bu gün Qazaxıstan vətəndaşları ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda səs verirlər.
Qazaxıstanın hər bir yetkin vətəndaşı referendumda iştirak edə bilər.
Qazaxıstan Respublikasının Mərkəzi Referendum Komissiyası MDB PAA-dan olan müşahidəçilər qrupunun 57 üzvünü akkreditə edib.
Xatırladaq ki, aprelin 29-da Qazaxıstan lideri Kasım-Jomart Tokayev Xalq Assambleyasının sessiyasında çıxışı zamanı Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsini təklif etmişdi.
Dəyişikliklər dövlət başçısının səlahiyyətlərinin azaldılması, parlamentin və yerli nümayəndəlik orqanlarının rolunun gücləndirilməsi, Konstitusiya Məhkəməsinin bərpası, habelə birinci prezident Nursultan Nazarbayevin statusu ilə bağlı müddəaların aradan qaldırılması məsələlərini əhatə edir.
Onu da qeyd edək ki, Azərbaycan ərazisində daimi və ya müvəqqəti yaşayan Qazaxıstan vətəndaşları ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda iştirak edirlər.
Nəcəfqulu Rəfiyev, 14 ünvanında yerləşən Qazaxıstan səfirliyində 262 saylı seçki məntəqəsi fəaliyyət göstərir.
Qazaxıstan vətəndaşları saat 7.00-dan 20.00-dək seçki məntəqəsində səs verə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.