BAKI, 5 iyun - Sputnik. İyunun 5-də tanınmış aktyor, Xalq artisti Vidadi Həsənov və belaruslu sənətşünas Olqa Klip Lənkəran Dövlət Dram Teatrında olublar.
Azərtac-ın xəbərinə görə, dram teatrının yaradıcılıq fəaliyyəti və mövcud şəraiti ilə yaxından tanış olan qonaqlar gənc rejissor Tərlan Abdullayevin quruluşunda İlqar Əlfinin “Şahnamə” tamaşasının məşq prosesini izləyiblər.
Daha sonra teatrın yaradıcı kollektivi ilə görüşən V.Həsənov və O.Klip “Şahnamə” tamaşasının məşqləri barədə fikirlərini söyləyiblər və öz tövsiyələrini veriblər.
Teatrın direktoru Tofiq Heydərov və aparıcı səhnə ustası, Xalq artisti, prezident təqaüdçüsü Qabil Quliyev kollektiv adından qonaqlara dəyərli fikirlərinə görə minnətdarlıqlarını çatdırıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.