BAKI, 4 iyun — Sputnik. Bu gün Zorakılıq Qurbanı olan Uşaqlarla bağlı Beynəlxalq Gündür.
Bu günlərdə Bakıda "Sevgi Evi" qadın və uşaq sığınacağında 15 yaşlı qızın zorakılığa məruz qalması bütün ölkədə geniş rezonans doğurdu. Bu fakt ölkəmizdə sözügedən sahədə görüləsi işlərin hələ çox olduğunu göstərir.
"Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə bildirir ki, ilk olaraq uşaq hüquqlarını bilmək və həssas yanaşma sərgiləmək lazımdır.
Birlik sədri bildirir ki, öncəki illərlə müqayisədə rəqəmlərə baxdıqda, buna artım demək olmaz: "Sadəcə olaraq cəmiyyətdə məlumatlandırmanın artması ilə faktların ortaya çıxma halları var. Yəni, əgər əvvəllər bir uşağı görüb onun yanından keçirdiksə, indi dərhal reaksiya veririk".
Uşaq hüquqları üzrə mütəxəssis, hüquqşünas-ekspert Fariz Əkbərov bildirib ki, valideynlər tərəfindən daha çox müəllimlərlə bağlı şiakyətlər daxil olur. Onun sözlərinə görə,uşaqlar həm də ailə üzvləri tərəfindən də zorakılıq qurbanı olurlar: "Uşaqlar validyenlər, nənə-baba və ailəyə daxın digər şəxslər tərəfindən zorakılıq qurbanı olurlar. Məsələn, regionlarda validyenlər qeyri-rəsmi formada uşaqları himayəyə verirlər. Belə olanda isə bəzi hallarda uşaqlar zorakılığa məruz qalır".
O bildirir ki, pedaqoqlar, müəllimlər ildə 1-2 dəfə psixoloji testdən keçirilməlidir: "Sosial problemlərin yaratdığı aqressiya uşaqlara keçir. Ona görə də bu nüanslara diqqət etmək lazımdır".
Hüquqşünas bildirir ki, xüsusən də boşanmalar zamanı uşaqlar zorakılıq qurbanı olurlar: "Boşanma zamanı uşaqlar tərəflər üçün alət olurlar, travma yaşayırlar".
Fariz Əkbərovun sözlərinə görə, ailə tərbiyəsi görməyən, uşaq evlərində böyüyən uşaqlar bəzən məktəblərdə fərqli davranış nümayiş etdirirlər, pedaqoji fəaliyyəti zəif olan müəllimlər də onlarla aqressiv davranırlar: "Nəticədə də döyülmə faktları qeydə alınır".
Qeyd edək ki, bir ilə yaxındır ki, müxtəlif sığınacaq və reabilitasiya mərkəzlərində monitorinqlər həyata keçirildi. Nazirlər Kabinetinin formalaşdırdığı monitorinq qrupuna 6 dövlət qurumu daxil idi.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən bu gün 1982-ci ildə təsis edilib. Bu günün təsis olunmasında məqsəs uşaqlara qarşı törədilən zorakılıq hallarına diqqəti cəlb etmək, baş verə biləcək bu halları aradan qaldırmaqdır. BMT-nin digər hesabatlarında da qeyd olunur ki, hər il təxminən 246 milyon şagird məktəbdə zorakılıq qurbanı olur.
Xatırladaq ki, ötən gün bir neçə ay öncə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Sevgi Evi" qadın və uşaq sığınacağında baş verən bir olayın üstü açılıb. 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.
Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan Cəmilə Məmmdovanın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib, o cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.