BAKI, 4 iyun - Sputnik. Azərbaycanda “RİA Novosti” onlayn informasiya resursuna giriş məhdudlaşdırılıb, bu barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
“Girişin məhdudlaşdırılması RİA-nın internet saytında Azərbaycan Respublikasında yayılması qadağan olunmuş məlumatların yerləşdirilməsi ilə bağlıdır”, - nazirlikdən bildirilib.
Bir gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi RİA Novosti saytında “Azərbaycanın ərazi bütövlüyünə zidd olan, Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin ruhuna uyğun gəlməyən və buna görə də ciddi təəssüf doğuran” məlumatların dərcini pisləyib.
Saytın bloklanmasına Mətbuat Şurasından da münasibət bildirilib.
“Rusiya və Azərbaycanın media orqanları iki ölkə arasındakı münasibətlərin formalaşmasında, qarşılıqlı etimad mühitinin dərinləşməsində mühüm rol oynayıblar. Onların əməkdaşlığı da buna xidmət ruhuna köklənməklə mütərəqqi əhəmiyyət daşıyıb, xalqların bir-birinə yaxınlaşmasını, mehriban qonşuluğu, dinc birgəyaşam normalarını aşılayıb. Bununla belə biz zaman-zaman Rusiyanın bəzi informasiya qurumlarının, jurnalistlərinin fəaliyyətində əldə edilmiş nəticələrə, müsbət meyllərə zidd halların da şahidi oluruq. Bu sayaq yanaşma təəssüf doğurur”, - Şuradan deyilib.
Bakının bu reaksiyasına RİA Novosti saytında qondarma “DQR” adından bir sıra “bəyanatlar” verən Artak Beqlaryanın müsahibəsinin dərci səbəb olub. Rəsmi Bakı nəinki “DQR”i tanımır, hətta ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, “Dağlıq Qarabağ”ın statusundan söhbət gedə bilməz.
Rusiya da "DQR"i tanımır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.