BAKI, 4 iyun - Sputnik. İyunun 3-də Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikası Baş Nazirinin müavini Mher Qriqoryan və Rusiya Federasiyası Baş Nazirin müavini Aleksey Overçukun birgə sədrliyi ilə Moskvada Üçtərəfli İşçi Qrupunun 10-cu iclası keçirilib. Bu barədə Rusiya Hökumatinin saytında məlumat dərc olunub.
Məlumatda qeyd olunur ki, tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, o cümlədən Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçməsi məsələlərini müzakirə edərək mövqelərini yaxınlaşdırıblar.
Görüş zamanı, həmçinin Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edən avtomobil yolunun Ermənistan Respublikasının ərazisindən keçməsi üçün mümkün marşrutlar barədə fikir mübadiləsi aparılıb.
Tərəflərin Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası liderləri arasında regionda nəqliyyat əlaqələrinin açılmasına dair razılaşmaların həyata keçirilməsi üzərində işi davam etdirəcəkləri bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.