CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Sevgi Evi" sığınacağı ilə bağlı şok iddialar: "Uşaqlara yuxu dərmanı verirdilər"

Yeniyetmə bildirir ki, sığınacaqda olan balaca uşaqlar yataqlarını və şalvarlarını isladanda Könül Qasımova onları soyuq havada tək ayaq üstündə çöldə dayanmağa məcbur edib, yaxud ac saxlayıb.
Sputnik
BAKI, 3 iyun — Sputnik. Bakıda "Sevgi Evi" qadın və uşaq sığınacağında zorakılığa məruz qaldığını iddia edən 15 yaşlı Cəmilə (adı şərtidir) və onun anası Sputnik Azərbaycan Multimedia Mərkəzində olublar. Onlar sözügedən sığınacaqda baş verənlər barədə danışıblar.
Cəmilə "Sevgi Evi" qadın və uşaq sığınacağında uşaqlara qarşı amansız davranıldığını iddia edib. Deyib ki, sığınacağın rəhbəri Könül Qaslmova hamamda onun şampunu ilə başını yuyan uşaqların başına spirt tökərək yandırıb:

"Sığınacaqda olan balaca uşaqlar yataqlarını və şalvarlarını isladanda Könül Qasımova onları soyuq havada tək ayaq üstündə çöldə dayanmağa məcbur edirdi, ya da ac saxlayırdı. Uşaqlar ona görə də qorxularından yataqlarına islatdıqlarını demirdilər. Könül Qasımova onlara islaq şalvarlarını dəyişməyə icazə vermirdi. Deyirdi ki, bu, sizə yerinizə islatdığınız üçün cəza olsun".

Cəmilənin sözlərinə görə, K.Qasımova uşaqların əllərini də yandırırmış. Onlara deyirmiş ki, əlavə yemək istəməyin.
Həmsöhbətimiz K. Qasımovanın uşaqlara qarşı çox sərt davrandığını, onları kiçik bir səhvlərinə görə saatlarla zirzəmidə saxladığını söyləyib.
O, bildirib ki, əgər hansısa uşaq mətbəxdən icazəsiz çörək götürüb yeyirdisə, K. Qasımova ona cəza verirdi. Hətta uşaqlara cəza vermək məqsədilə əllərini kalqotqa ilə bağlayırdı.
"Mən xahiş edirəm ki, uşaqları o sığınacaqdan başqa yerləşdirsinlər. Uşaqlar orada çox işgəncə görürlər", - Cəmilə deyib.
Cəmilənin iddiasına görə, "Sevgi Evi" qadın və uşaq sığınacağında uşaqlara tez yatmaları üçün yuxu dərmanı - "ketonal" verirmişlər. Onun orada olduğu iki ay müddətində sığınacaqda yalnız bir dəfə monitorinq keçirilib. Həmin vaxt uşaqlara burada onlara qarşı pis rəftar barədə danışmamaq üçün ciddi xəbərdarlıq edilib: "Könül məni də hədələyirdi. Ona görə də qorxumdan heç nə demirdim".
K.Qasımova isə Sputnik Azərbaycan-a verdiyi açıqlamada bu iddiaları təkzib edib. Ona qarşı səslənən ittihamları qəti qəbul etmədiyini və buna dair heç bir sübutun olmadığını bildirib.
Qeyd edək ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən "Sevgi Evi" qadın və uşaq sığınacağında 10.05.2022-ci il tarixdə müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədəni üzərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.
Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan Cəmilə Məmmdovanın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib, o cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
"Uşağın başında spirt yandırırdılar" - Bakıdakı sığınacaq barədə şok iddia