BAKI, 3 iyun — Sputnik. Bakıda Azərbaycan və Rusiyanın Perm vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa həsr olunmuş görüş keçirilib.
Görüşdə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Perm vilayətinin qubernatoru Dmitri Maxonin, iki ölkənin müvafiq strukturlarının nümayəndələri iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan ilə Rusiya arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğu və iki ölkə arasında ticarət dövriyyəsində davamlı artımın müşahidə edildiyi vurğulanıb.
Tərəflər qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq üçün mövcud imkanların olduğu sahələri müzakirə ediblər. Qonaqlara Rusiyanın bir çox vilayətlərinin, o cümlədən Perm vilayətinin Azərbaycan üçün vacib tərəfdaş olduğu diqqətə çatdırılıb və ölkəmizdə qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu, aqrar sahədə həyata keçirilən islahatlar, fermerlərə göstərilən dövlət dəstəyi, respublikamızda mövcud olan əlverişli investisiya mühiti barədə ətraflı məlumat verilib.
Tərəflər Azərbaycanla Perm vilayəti arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər.
Perm şirkətlərinin Azərbaycanın sənaye parklarına cəlb edilməsi müzakirə olunub
Xatırladaq ki, dünən İqtisadiyyat Nazirliyində də Perm vilayətinin qubernatoru Dmitri Maxonin ilə görüş keçirilib.
Görüşdə Azərbaycan ilə Perm vilayəti arasında ticarət əlaqələri, "Made in Azerbaijan" brendli məhsulların Permdə keçirilən sərgilərdə tanıdılması, Perm şirkətlərinin Azərbaycanın sənaye parklarına və aqroparklara, eləcə də Ələt Azad İqtisadi Zonasına cəlb olunması, maşınqayırma, kimya və neft kimyası sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.