RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

"Onlar öz torpaqlarında döyüşmürlər" - Yerli əhali Donbas uğrunda döyüş haqqında nə deyir?

Popasnaya şəhərində atışmalar hələ də davam edir, mərmilər və minalar hələ də partlayır.
Sputnik
BAKI, 3 iyun — Sputnik. Viktor Zvantsev. Luqansk vilayətinin düz sərhəddində yerləşən bu şəhər Donbasdakı Ukrayna hərbi qruplşmasının təchizatı üçün ən vacib şəhər idi. İndi burada Rusiya qoşunları və "LXR" ordusunun döyüşçüləri var. Şiddətli döyüşlərə baxmayaraq, mülki şəxslərin hamısı təxliyə olunmayıb. Popasnaya şəhərində hazırda əhalinin necə sağ qalmaq uğrunda mübarizəsi barədə - RİA Novosti-nin reportajında.
Strateji əhəmiyyət
Mariupolu xatırladır: çoxmərtəbəli binaların yanmış qalıqları, bəzi yerlərdə özəl sektorun tamamilə məhv edilməsi, məbədin günbəzində mərmidən qalan dəlik... Döyüşlərin başlaması ilə, demək olar ki, bütün mülki insanlar oranı tərk ediblər. Bəzi evlərdə Ukrayna hərbçiləri atəş nöqtələri hazırlayıblar.
Darvazada patron izləri, pəncərələrdə kitabların düzülməsi. İçəridə tərk edilmiş hərbi forma, boş spirtli içki şüşələri, həyətdə isə skamyada keçmiş sakinlərdən birinin güllə ilə deşik-deşik edilmiş ağ-qara şəkli var: görünür, "kirayəçilər" dəqiq atış üzrə məşq ediblər.
"Tyulpan" ləqəbli "LXR" döyüşçüsü yaşayış yerini yoxlayır. Ancaq istehkamçılar gələnə qədər heç nəyə toxunmur.
"Geri çəkilərkən USQ-nin əsgərləri hər yeri minalayırlar. Uzaqdan video kameralar qoyub gedirlər və beləliklə onlayn rejimde qoşunlarımızın hərəkətini izləmək və mövqeləri pozmaq mümkün olur", - deyə döyüşçüsü izah edir.
Ukrayna hərbçisi, arxiv şəkli
"Tyulpan" səkkiz ildir ki, müharibədə iştirak edir. O, özü də Luqansk şəhərindəndir.
"Bir çox ukraynalılar, xüsusilə də ölkənin mərkəzi və qərb bölgələrində olanlar burada ümumiyyətlə atəşkəsin olmadığını başa düşmürlər. Bütün bu müddət ərzində Popasnayadan Pervomaysk və Staxanov şəhərləri atəşə tutulub", - deyə döyüşçü vurğulayır.
Burada qanlı döyüşlər gedirdi. Ukrayna Silahlı Qüvvələrinin mövqeləri yüksəklikdədir, belə bir yerə hücum etmək həmişə çətin olur. Bundan əlavə, təchizat üçün çox vacib olan dəmir yolu stansiyası var.
Şəhərdə atışmalar hələ də davam edir. Hələ də mərmilər və minalar partlayır. Ötən gün iki təxribatçı məhv edildi. "Respublika" döyüşçülərinin dediyinə görə, onlar adətən təslim olmurlar, axıra qədər döyüşürlər.
"Yerli sakinlər arasında da məlumat ötürənlərə rast gəlmək olur. Onlar əsasən əlavə pul qazanmaq istəyən gənclərdir. Onların arasında həyat yoldaşları cəbhənin digər tərəfində olan qadınlara da rast gəlinir. Ancaq onlar az saydadır. Əhali əsasən rusiyapərəstdir", - deyə "Tyulpan" əlavə edir.
Rusiya hərbçiləri, arxiv şəkli
"Hələ o vaxt gediblər"
Vladimir təqaüdə çıxdıqdan sonra Popasnayaya köçüb. Uzun illər Uzaq Şimalda işləyib, yığdığı pul sayəsində ev tikib. 2014-cü ildə Ukrayna hərbçiləri onun yaşadığı ərazinin yaxınlığında məskunlaşıblar. Bir ay bundan əvvəl isə bu ərazi cəbhə xətti oldu.
"Atəş hələ kəsilmir. Mən qarajın zirzəmisində gizlənirəm. Ancaq getməyin mənası yoxdur", - deyə o, bildirir.
Vladimir xatırlayır ki, USQ-nin əsgərləri yerlilərlə demək olar ki, ünsiyyət qurmayıblar, yeməklərini paylaşmayıblar. Təklif edə biləcəkləri maksimum siqaret olub. Tərk edilmiş evlər məişət texnikalarını götürmək üçün açılıb. Onun sözlərinə görə, "ordunun ehtiyacları üçün" avtomobillər də ələ keçirilib.
"Lakin səkkiz il əvvəl əhalinin demək olar ki, yarısı hər şeyin necə nəticələnəcəyini anlayaraq Rusiyaya köçüblər. O zaman xüsusi xidmət orqanlarının əməkdaşları evləri gəzərək qohumlarından kiminsə "LXR" tərəfində döyüşüb-döyüşmədiyini soruşublar. Hətta biri milis əməkdaşı oğlu ilə telefonla danışdığına görə üç il həbs olunub. Guya o, mövqelərin koordinatlarını ötürüb", - deyə Vladimirin qonşusu Andrey əlavə edir.
Səkkiz il əvvəl Luqansk vilayətində yaradılmış "Aydar" batalyonu Popasnaya şəhərində yerləşdirilib.
"Onlar batalyona insanları Donbasdan cəlb etməyiblər, onlar öz torpaqlarında döyüşmürlər və burada onlara yazığı gələn heç kim və heç nə yoxdur. Əgər başqa bölmələrdən olan ukraynanlıların heç olmasa bir az anlayışı varsa, "Aydar"lılar sadəcə olaraq əclafdırlar", - deyə "Tyulpan" vurğulayır.
Rusiya hərbçiləri, arxiv şəkli
Fəlakətin astanasında
"LXR" hərbçiləri bütöv qalan evlərin ətrafında gəzir, sakinləri yenidən qeydə alırlar.
"Əlimizdən gələn hər cür köməkliyi edirik: yemək, dərman. Nəsə baş verdiyi halda biz həkimə müraciət edirik və ya onları ən yaxın xəstəxanaya aparırıq", - deyə "Ded" ləqəbli milis qeyd edir.
Ötən gün 99 yaşlı tənha qalan nənə tapılıb. O, iki həftə ərzində küçəyə çıxmayıb və demək olar ki, heç nə yeməyib. İstehkamçılar çağırıldı - yay mətbəxinin damında partlamamış mərmi ilişib qalmışdı.
"Qızım xərçəng xəstəliyindən əziyyət çəkir, Belqorod vilayətində müalicə olunur. O, mənə necə kömək edə bilər? Mənə qonşular baxırdılar, amma indi onlar da gediblər. Mən isə getmək istəmirəm, bura mənim evimdir", - deyə yaşlı qadın bildirir.
İnsanlar tədricən zirzəmilərdən çıxırlar. Onlar bildirirlər ki, yerin altı təhlükəsiz olsa da , ora hələ də soyuqdur.
Tatyana adlı şəhər sakini deyir:
"Bir neçə gün əvvəl, növbəti atəş açılanda, mən hər zamanki kimi zirzəmiyə düşdüm Mərmi evə düşdü, yanğın baş verdi və zirzəminin qapısı qırıldı. Xoşbəxtlikdən, çənin suyu ilə yanğını söndürdülər, dağıntıları sürətlə aradan qaldırıb məni küçəyə çıxardılar".
O, onu xilas edənlərlə yaşayır. Odda yemək bişirirlər. Onların yarma və makaronları, şorabaları var. Lakin bu kifayət deyil, şəhər humanitar fəlakətlə üz-üzədir. Hərbçilər mütəmadi olaraq yardım gətirəcəklərinə söz veriblər. Lakin Popasnaya şəhərində vəziyyət sabitləşməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.