BAKI, 3 iyun — Sputnik. Azərbaycan “Country Brand Ranking” 2022-2023 illər üçün reytinqində 101-ci yerdə qərarlaşıb.
Azərbaycan reytinqə daxil edilən keçmiş SSRİ ölkələri siyahısında Rusiya və Gürcüstandan sonrakı yerdə qərarlaşıb. Belə ki, bu reytinqdə Rusiya 36-cı, Gürcüstan isə 67-ci yerdə qərarlaşıb.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının idarə heyətinin sədri Samir Dübəndi bu uğuru ölkənin ümumi inkişafı ilə əlaqələndirir.
Onun sözlərinə görə, Dövlət Turizm Agentliyinin yaradılmasından - 2018-ci ildən sonra ölkənin tanıdılmasına başlanılıb: "Hazırda Azərbaycan daha çox turistik sərgi və konfranslarda təmsil edilir".
Bununla yanaşı, Dübəndi digər faktor kimi vurğulayır ki, ölkədə siyasi, iqtisadi və sosial sabitliyin təmin edilməsinin də təsiri danılmazdır: "Turistik olaraq Azərbaycanın cəlbedici olmasında digər amil isə Azərbaycan xalqının qonaqpərvərliyi və yüksək mədəniyyətidir".
"Əminəm ki, Azərbaycanın MDB-də turizm sahəsində lider ölkə olmağa bütün imkanları var", - deyə Assosiasiya rəhbəri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.