BAKI, 3 iyun — Sputnik. ABŞ Dövlət Departamenti Macarıstan Rusiya neftinə embarqo elan etmək istəmədiyi üçün ona qarşı sanksiyalar tətbiq etməlidir. "RT" yazır ki, belə bir müraciətlə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Raca Krişnamurti dövlət katibi Entoni Blinkenə müraciət edib.
"Mən xüsusilə Macarıstanın neft embarqosuna qarşı davam edən müqavimətindən narahatam və ciddi şəkildə Sizdən (Entoni Blinken. — red.) Budapeştlə yekun razılığa gəlmək üçün sanksiyalar da daxil olmaqla, bütün mümkün alətləri nəzərdən keçirməyinizi xahiş edirəm. Rusiya neftinə qadağa qoyulsun", - deyə konqresmen məktubunda qeyd edib.
Onun fikrincə, Avropa İttifaqına Rusiyanın enerji resurslarından imtina etməkdə kömək etmək üçün Dövlət Departamenti ikitərəfli yanaşmaya əl atmalıdır:
"Bir tərəfdən, ABŞ Mərkəzi Avropanın enerji təhlükəsizliyini qorumaq üçün "Üç Dəniz Təşəbbüslər" Fonduna yardımlarını artırmalıdır. Digər tərəfdən, Budapeşt Avropa İttifaqı daxilində razılaşmalara mane olmaqda davam edərsə, Vaşinqton hələ də Rusiyadan neft ixracatçıları ilə iş aparan Macarıstan şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi imkanını nəzərdən keçirməlidir".
Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezident Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.