SƏHİYYƏ

ÜST: Şimali Koreyada COVID-19 ilə bağlı vəziyyət pisləşir

Rəsmi məlumatlara görə, mayın sonuna Şimali Koreyada 3,5 milyondan çox yoluxma halı qeydə alınıb.
Sputnik
BAKI, 2 iyun — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şimali Koreyada COVID-19 ilə bağlı vəziyyətin getdikcə pisləşdiyini düşünür.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan bildirib.
O, məlumatlara çıxışda və yerlərdəki real vəziyyətlə bağlı böyük problemlər olduğunu, bunun vəziyyəti təhlil etməyi çətinləşdirdiyini qeyd edərək KXDR-i ÜST-ə ölkədəki COVID-19 epidemiyası ilə bağlı durumla əlaqədar daha çox məlumat verməyə çağırıb.
M.Rayanın sözlərinə görə, indi qurumun KXDR-dəki vəziyyətlə bağlı, rəsmi olaraq dərc olunan məlumatlar istisna olmaqla, heç bir məlumatı yoxdur. O, həmçinin qeyd edib ki, ÜST dəfələrlə Şimali Koreya hakimiyyətinə pandemiya ilə mübarizədə, o cümlədən COVID-19-a qarşı peyvəndlərdə yardım təklif edib.
KXDR hakimiyyəti isə ölkədə vəziyyətin yaxşılaşdığını iddia edir, mayın sonunda Pxenyanda demək olar ki, bütün COVID-19 məhdudiyyətləri götürülüb.
Rəsmi məlumatlara görə, mayın sonuna Şimali Koreyada 3,5 milyondan çox yoluxma halı qeydə alınıb.
Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi.
Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.
Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. 2020-ci il fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.