BAKI, 2 iyun - Sputnik. Cənub Qaz Dəhlizi qaz tədarükünü iki dəfə artırmağı gözləyən İtaliya üçün son dərəcə vacibdir, Bakı Enerji Forumunda İtaliyanın ekoloji keçid nazirinin müavini Vannia Qava bildirib.
"Etibarlılıq və təhlükəsizlik, diversifikasiya, qiymətlər və rəqabət qabiliyyəti, elektrik şəbəkəsində bərpa olunan mənbələr baxımından Cənub Qaz Kəməri Avropa və İtaliya üçün son dərəcə əhəmiyyətlidir. Trans-Adriatik Boru Kəməri ilə il ərzində 8,8 milyard kubmetr Azərbaycan qazı tədarük edilir”, – Qava bildirib.
Onun sözlərinə görə, tədarük həcminin artırılması məsələsi bu gün də aktualdır: “2022-ci ildə qaz idxalı 7,2 milyard kubmetr təşkil edib, əlavə olaraq 4 milyard kubmetr idxal edilib”.
O qeyd edib ki, İtaliya TANAP layihəsinin ikinci mərhələsi çərçivəsində daşımaların həcmini iki dəfə artırmağı gözləyir.
"Bu, son nəticədə ildə təxminən 20 milyard kubmetr qaz təşkil edəcək. Kəmərin ikinci mərhələsi yeni qaz mənbələri vasitəsilə qaz tədarükçülərinin diversifikasiya dərəcəsini artıracaq", - nazir müavini yekunlaşdırıb.
Bakı Enerji Həftəsi
Qeyd edək ki, bu gün paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir.
İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi ("Baku Energy Week") öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərə və forumda 30 ölkədən 249 şirkət qatılır.
Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.
Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.