NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Qazaxıstan Xəzər və Azərbaycan vasitəsilə neft tədarükünü nəzərdən keçirir - nazir

Akçulakov Bakı Enerji Forumunda bildirib ki, Qazaxıstan alternativ tədarük marşrutlarını seçmək baxımından çox müxtəlifliyə malik deyil, ona görə də mövcud olanlardan istifadə edir.
Sputnik
BAKI, 2 iyun - Sputnik. Qazaxıstan neftin Xəzər dənizi və Azərbaycan vasitəsilə Gürcüstana və daha sonra Qara dənizə çatdırılması marşrutunu nəzərdən keçirir, Qazaxıstanın energetika naziri Bolat Akçulakov Bakı Enerji Forumunda bildirib.
"Bu gün biz enerji resurslarının tədarükü üçün alternativ yollar axtarırıq. Variantlardan biri Xəzər dənizindən keçir, Gürcüstan ərazisindən keçir və Qara dənizə gedir. Nəzərinizə çatdırım ki, "Kazmunayqaz" Batumi limanının operatorudur. Biz Rumıniyalı tərəfdaşlarla da işləyirik, biz onları neftlə təmin edirik”, - deyə o bildirib.
Onun sözlərinə görə, Qazaxıstanda marşrut seçimi baxımından o qədər də müxtəliflik yoxdur, ona görə də mövcud olanlardan istifadə edir.
Eyni zamanda, nazir qeyd edib ki, ölkə üçün əsas marşrut Xəzər kəməri olaraq qalır və bu kəmər çərçivəsində neft Novorossiysk vasitəsilə Qara dənizə çatdırılır: “Biz xammal tədarükünün ildə 60 milyon tona qədər artacağını gözləyirik".
Bakı Enerji Həftəsi
Qeyd edək ki, bu gün paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir.
İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi ("Baku Energy Week") öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərə və forumda 30 ölkədən 249 şirkət qatılır.
Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.
Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.