BAKI, 2 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.
Müdafiə Nazirliyinin məlumatına görə, cari ilin hazırlıq planına uyğun olaraq, “Komando hazırlığı” kursunu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatların və beretlərin təqdimolunma mərasimi keçirilib.
Mərasimdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanan “Komando hazırlığı” kurslarının əhəmiyyəti diqqətə çatdırılıb. Çıxış edənlər şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsində bu kimi kursların müsbət təsirini xüsusi vurğulayıb və hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Sonra kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikat və beretlər təqdim olunub, şəxsi heyət tribuna önündən təntənəli keçid edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.