BAKI, 2 iyun — Sputnik. May ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 756 nəfər müraciət edib. Bu barədə Mərkəzin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onlardan 137-si Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olan xəstələrdən 70-i dərmandan, 21-i sirkə turşusundan, 6-sı dəm qazından, 1-i göbələkdən, 12-si etil spirtindən zəhərlənib.
Digərlərindən 1-i anafilaksiya səbəbindən, 12-si allergik reaksiyadan, 3-ü isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.
Həmçinin onlardan 9-nu ilan, 2-ni isə həşərat sancıb.
Zəhərlənən şəxslərin 56-sı qadın, 61-i kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 137 nəfərdən 6-sı (3-ü kişi, 3-ü qadın) dünyasını dəyişib.
Xatırladaq ki, aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 nəfər şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etmişdi. Bir müddət öncə zəhərlənmə hadisəsi Göyçayda baş vermişdi.
Göyçayın Çərəkə kəndində kütləvi zəhərlənmə hadisəsi qeydə alınmışdı. İftar süfrəsinə yığışan tanışlar yedikləri qidalardan zəhərlənmişdilər. Hadisə rayon mərkəzində yerləşən restoranlardan birində baş vermişdi.