İQTİSADİYYAT

BP Azərbaycan iqtisadiyyatına investisiyalarının həcmini açıqlayıb

İnvestisiyaların böyük hissəsi qaz və neft hasilatına yönəldiləcək, günəş enerjisi və hidrogen istehsalına da vəsaitin ayrılması nəzərdə tutulur.
Sputnik
BAKI, 2 iyun - Sputnik. Azərbaycanda fəaliyyət göstərdiyi bütün dövr ərzində Britaniyanın BP şirkəti ölkə iqtisadiyyatına 84 milyard dollar sərmayə qoyub, şirkətin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib.
BP Azərbaycanda Bakı-Tbilisi-Ceyhan, Şahdəniz qaz-kondensat yatağı və digər enerji layihələri kimi neft-qaz layihələrinə sərmayə qoyub.
Eyni zamanda, Birrell Azərbaycanda yaşıl enerjiyə keçid üçün böyük layihələrin həyata keçirildiyini vurğulayıb.
Birrell bildirib ki, dünya əhalisi üçün enerjinin mövcudluğuna gəlincə, bunun üçün böyük investisiyalar və qaz kəmərləri sistemləri və qaz təchizatının dəyərinə nəzarət lazımdır. Bundan əlavə, o qeyd edib ki, tədarükün etibarlılığını və diversifikasiyasını təmin etmək lazımdır.
"Növbəti on il ərzində investisiyalarımızın böyük hissəsi qaz və neft hasilatına olacaq, lakin biz günəş enerjisi və hidrogen istehsalına da investisiyalar ayıracağıq", - BP-nin icraçı vitse-prezidenti bildirib.
Bakı Enerji Həftəsi
Qeyd edək ki, bu gün paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir.
İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi ("Baku Energy Week") öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərə və forumda 30 ölkədən 249 şirkət qatılır.
Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.
Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.