BAKI, 2 iyun - Sputnik. Dünyanın bir sıra ölkələrindən nazirlər, enerji şirkətlərinin rəhbərləri və analitiklərinin iştirakı ilə Azərbaycanda əsas qlobal iqtisadi tədbirlərdən biri olan Bakı Enerji Forumu işinə başlayıb.
Tədbir Azərbaycanın energetika və təbii sərvətlər naziri Pərviz Şahbazovun çıxışı ilə başlayıb. O bildirib ki, Azərbaycanda 555 milyon ton neft, 168 milyard kubmetr qaz və 36 milyon ton qaz kondensatı hasil edilib. Layihələr çərçivəsində 163 milyard dollardan çox mənfəət əldə edilib.
Nazirin sözlərinə görə, Azərbaycan Şuşada irimiqyaslı “yaşıl enerji” layihələrinin həyata keçirilməsinə dair xarici tərəfdaşlarla saziş imzalamağı planlaşdırır.
Nazir qeyd edib ki, Azərbaycan son iki ildə bərpa olunan enerjinin inkişafında böyük yol keçib.
"Biz ölkədə 470 MVt-lıq hasilatla bağlı iki müqavilə imzalamışıq. Üçüncü müqavilə yoldadır və imzalanma mərhələsindədir. Şuşada keçiriləcək Bakı Enerji Həftəsi çərçivəsində növbəti iclasımızda imzalanacaq", - Şahbazov deyib.
Macarıstan Rusiya Federasiyasının enerji sektoruna qarşı sanksiyaların əleyhinədir
Forumda çıxış edən Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto bildirib ki, istənilən məhdudiyyətdə keçmək mümkün olmayan “qırmızı xətt” var. Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, anti-Rusiya sanksiyaları məsələsində bu, etibarlı təchizat məsələsidir.
"Yəni, biz sanksiyalardan, hansısa qadağalardan danışanda qaz və onun marşrutları ilə bağlı bunları tam qəbul edə bilmirik. Asılılıq yüksək səviyyədədir, yəni qaza olan tələbatın 85 faizi Rusiya tərəfindən təmin edilir", - Siyyarto bildirib.
Eyni zamanda, nazir qeyd edib ki, Trans-Anadolu qaz kəmərinin (TANAP) imkanları hələ də genişləndirilməyib, hasilatın genişləndirilməsi üçün əlavə həcmlərin və investisiyaların təmin edilməsinin razılaşdırılmış yolu yoxdur.
O izah edib ki, Xəzər qazının tədarükü məsələsi Macarıstan üçün yaxşı variant olacaq, lakin hələlik bu, real deyil.
Azərbaycanın Avropaya qaz tədarükünün artırılması üçün imkanlar var
"Azərbaycanın Avropaya qaz tədarükünün artırılması üçün imkanlar var. Lakin, artan tələbatı təmin etmək üçün hazırda lazımi nəqletmə imkanları yoxdur". Belə bir açıqlama ilə Bakı Enerji Forumunda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf deyib.
Onun sözlərinə görə, hazırda bu imkanların genişləndirilməsi üçün işlər görülür, danışıqlar aparılır:
"Ölkəmizin boru kəməri infrastrukturunun genişləndirilməsi və investisiyalar üçün maliyyə təşkilatlarının cəlb olunması üzrə işlər aparılır".
O bildirib ki, SOCAR tərəfdaşları ilə Xəzər dənizinin cəlbediciliyinin artırılması istiqamətində danışıqlar aparır.
"Alternativ enerji mənbələrin inkişafına baxmayaraq, neft və qazın istehsalı öz aktuallığını qoruyub saxlayır. Ənənəvi enerji daşıyıcılarının hasilatı ekoloji normaların, tullantıların azaldılması şərti ilə həyata keçirilməlidir", - deyə şirkətin rəhbəri vurğulayıb.
İranla svop tədarük
İranın neft naziri Cavad Ovci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib ki, Tehran Azərbaycana qaz mübadiləsi təcrübəsini qonşu ölkələrlə həyata keçirməyə hazırdır.
O qeyd edib ki, İran və Azərbaycan arasında svop qaz tədarükü ildə 1,5 milyard kubmetr türkmən qazının tədarükünü nəzərdə tutur.
"Biz başa düşürük ki, bugünkü dünya enerjiyə acdır. İran bu tələbatın müəyyən hissəsini təmin etmək iqtidarındadır. Sanksiyalar bizim potensialımızın reallaşmasına mane olur, lakin ölkəmiz öz imkanlarını dəfələrlə sübut edib", - Ovci bildirib.
Xatırladaq ki, enerji forumunun son günü və möhtəşəm başa çatması iyunun 4-də Şuşa şəhərində keçiriləcək.
Bu il tədbirdə 20 ölkədən 400-dən çox nümayəndə iştirak edir. Proqrama 50 məruzəçidən 25 mövzu daxildir.
Bakı Enerji Həftəsinin sponsorları SOCAR, bp, TPAO, Equinor, INPEX, PAŞA Bank, Tenaris, TotalEnergies, Uniper SE, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, Caspian Drilling Company, Caspian Marine Services, RussNeft və Tekfen Construction-dır. Ernst & Young Bakı Enerji Forumunun məsləhətçi tərəfdaşıdır.