BAKI, 2 iyun — Sputnik. Bu il Azərbaycan təbii qaz ixracını artırmaq niyyətindədir. Cari ildə Azərbaycandan Avropaya 10 milyard kubmetrdən çox mavi qazın nəql ediləcəyi gözlənilir.
Bunu deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a ölkəmizin qaz ixracından danışarkən deyib.
Deputat diqqətə çatdırıb ki, Cənub Qaz Dəhlizinin 1-ci fazasında Azərbaycan Avropaya 10 milyard kubmetr, ikinci fazasında isə 20 milyard kubmetr təbii qaz nəql edəcək. Bütövlükdə Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyəti 31,5 milyard kubmetrə qədər yüksələcək.
2020-ci ilin dekabrından Azərbaycan mavi qazını Avropaya çıxarır
O bildirib ki, son illər Azərbaycanın təbii qaz hasilatının artması müşahidə edilir. 2018-ci illə müqayisədə 2021-ci ildə Azərbaycanın mavi qaz hasilatı 2 dəfə artıb. Eyni zamanda 2020-ci ilin dekabr ayından etibarən Azərbaycan öz mavi qazını Avropa bazarına çıxardır.
Ötən il 19 milyard kubmetr qaz ixrac olunub
"Ötən il ölkəmiz 43,9 milyard kubmetr mavi qaz hasil edib ki, bunun 19 milyard kubmetri ixrac olunub. Təbii qazın təxminən 8,5 milyard kubmetri Avropaya, digər qismi isə Türkiyə və Gürcüstana ixrac olunub", - deyə millət vəkili söyləyib.
Azərbaycanın qaz hasilatını kəskin artırması zaman və investisiya tələb edir
Onun sözlərinə görə, Avropa mavi qaz idxalını şaxələndirmək üçün daha çox ölkədən qaz idxalında maraqlıdır: "Mavi qaz ehtiyatlarının, xüsusən kəşf edilən ehtiyatların proqnozlaşdırılandan daha çox olmasına baxmayaraq Azərbaycanın qaz hasilatını kəskin artırması zaman və investisiya tələb edir. Eyni zamanda bu, razılaşmalar əsasında mümkündür. Çünki bütün hallarda qazın ixrac edilməsi vacib məsələlərdən biridir. Amma statistik rəqəmlər göstərir ki, ölkəmizin qaz ixracında artımlar böyükdür. Bu ilin ilk 3 ayında Azərbaycan Avropaya ixrac etdiyi qazın həcmini 2,5 dəfə artırıb. Bu da ondan xəbər verir ki, ixrac və hasilatda artımlar var".
Bu il Azərbaycan Avropaya 10 milyard kubmetr qaz verəcək
Deputat vurğulayıb ki, daha geniş artımlar üçün xüsusi müqavilələrin bağlanması, yeni sərmayələrin cəlb edilməsi mümkündür. Azərbaycan Cənub Qaz Dəhlizi çərçivəsində Avropaya və eləcə də Türkiyə və Gürcüstana hədəflədiyi ixracatı daha tez reallaşdıra biləcək. Artıq 2022-ci ildə Azərbaycan Avropaya 10 milyard kubmetr qaz nəql etmək imkanına malik olacaq.
Qeyd edək ki, indiyədək Trans-Anadolu kəməri (TANAP) vasitəsilə Türkiyəyə 29 milyard kubmetr qaz nəql edilib. Bu ilin beş ayında TANAP-la 6,8 mlrd. kubmetr qaz nəql edilib, ilin axırına kimi isə bu göstəricinin 16 mlrd. kubmetrə çatacağı gözlənilir.
Qaz hasilatında və ixracında artım var
Xatırladaq ki, cari ilin 4 ayı ərzində ölkədə 15,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,6 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"dən, 8,5 milyard kubmetri "Şahdəniz"dən, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz, yəni 2 milyard kubmetrə yaxın artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 7,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur. Cari ilin yanvar-aprel aylarında Türkiyəyə 2,9 milyard kubmetr, Avropaya 3,5 milyard kubmetr, Gürcüstana isə 1,2 milyard kubmetr qaz satılıb. Ötən ilin 4 ayında qaz ixracı 6,5 milyard kubmetr olmuşdu.