BAKI, 2 iyun — Sputnik. ABŞ rəhbərliyi Ukraynanı öz müstəmləkəsinə çevirmək, ölkədən bütün resursları sıxışdırıb çıxarmaq və Rusiyanı zəiflətmək üçün istifadə etmək istəyir. Bu fikirləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün "Telegram" kanalında bildirib.
ABŞ Prezidenti Co Bayden deyib ki, Amerika "demokratik, müstəqil, suveren və firavan Ukrayna" görmək istəyir.
Volodin bildirib ki, Birləşmiş Ştatların Ukraynanı demokratik, müstəqil, suveren və firavan etmək üçün səkkiz il vaxtı var idi, o zaman ki, dövlət çevrilişindən sonra amerikalı müşavirlər və təlimatçılar əslində Kiyev rejiminə rəhbərlik edirdilər: "Amma ölkəni inkişaf etdirmək əvəzinə, böyük potensiala malik Ukrayna talan edilib. Ukraynada bu müddət ərzində arzuolunmaz media bağlanıb, müstəqil jurnalistlər öldürülüb, siyasi partiyaların fəaliyyəti qadağan edilib və korrupsioner hökumətdən heç kim Ukrayna xalqı haqqında düşünməyib".
"Vaşinqtona müstəqil Ukrayna lazım deyil. ABŞ rəhbərliyi burada öz müstəmləkəsini yaratmaq istəyir. Bütün resursları ölkədən sıxışdırıb çıxarıb və ondan yalnız Rusiyanı zəiflətmək üçün istifadə edir", - Volodin vurğulayıb.
Volodinin fikrincə, Amerikanın timsalında bütün dünya Liviya, İraq, Əfqanıstan, Suriya və Yuqoslaviyada demokratiyanın nələrə gətirib çıxardığını gördü.
"Vaşinqton bu ölkələri demokratik etmək istədi, amma onların heç biri qalib gəlmədi. Tam əksi. İnkişaf etməkdə olan ölkələr xaosa və dağıntılara məruz qaldıqdan sonra onların vətəndaşları humanitar fəlakətlə üzləşdi. Minlərlə dinc sakin öldü, əhali isə yoxsullaşdı", - Volodin qeyd edib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.