BAKI, 1 iyun - Sputnik. Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında hazırlanan və Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun (qərar) layihəsinin dəstəklənməsi üçün imzaların toplanması qaydasının pozulmasına görə yeni cəzalar müəyyənləşir.
Bu, Milli Məclisin dünən keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən yeni – 161-1 maddədə əksini tapıb.
Layihəyə əsasən, vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında hazırlanan və Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun (qərar) layihəsinin dəstəklənməsi üçün imzaların toplanması prosesində vətəndaşları imza qoymağa məcburetmə və ya imza qoymağa mane olma, yaxud bunlara hər hansı formada mükafatlandırma 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya 240 saatdan 300 saatadək ictimai işlərlə cəzalandırılacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında" qanun Azərbaycan vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququ Azərbaycanın seçki hüququ olan 40 min vətəndaşına mənsubdur.
Təşəbbüs qrupunun bu qanunun tələblərinə riayət etməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı qəbul edildiyi gündən bir ay ərzində layihə və sənədlər təşəbbüs qrupu tərəfindən Milli Məclisə təqdim olunur.
Layihə təqdim olunmuş şəkildə iki ay ərzində Milli Məclisin müzakirəsinə çıxarılır və səsə qoyulur. Layihədə yalnız texniki xarakter daşıyan dəyişikliklər edilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.