BAKI, 1 iyun — Sputnik. Nord Stream AG və WindEurope-un məlumatlarına görə, "Şimal axını" vasitəsilə qaz tədarükləri bir gün əvvəl azaldıqdan sonra çərşənbə günü yenidən yüksəlib. Göstəricinin artması Avropada küləkdən elektrik enerjisi istehsalının azalması fonunda baş verir.
Bir gün əvvəl "Şimal axını" ilə Rusiya qazının ixracı, təxminən, 10% azalaraq, yeni sxem üzrə tədarükləri rublla ödəməkdən imtina edən Hollandiyanın GasTerra şirkətinə tədarükün dayandırılmasından sonra saatda 6,4 milyon kubmetrə düşmüşdü. Bir gün ərzində isə boru kəməri ilə 153 milyon kubmetr (10 faiz azalma) qaz tədarük edilib.
Bununla belə, boru kəməri operatoru Nord Stream AG-nin məlumatına görə, boru kəməri ilə təchizat çərşənbə günü bərpa olunur. İyunun 1-də sutkanın ilk saatında qazın ixracı mayın 31-də "Şimal axını" ilə saatda orta vurulma səviyyəsi ilə müqayisədə 6,9 milyon kubmetr, yəni 8% artıb. Göstərici artımı çərşənbə günü Almaniyanın Shell Energy Europe və Danimarkanın Orsted şirkətləri üçün tədarüklərin planlaşdırılan dayandırılmasına baxmayaraq baş verir.
Bu arada, WindEurope-un məlumatlarına görə, 31 mayda Aİ-da külək enerjisi ümumi Aİ elektrik enerjisi istehsalının 6%-nə düşüb. Müqayisə üçün qeyd edək ki, bir həftə əvvəl bu göstərici, orta hesabla, demək olar ki, 19% olub.
Çərşənbə günü Ukraynanın qaz nəqli sisteminin Sudca QÖS vasitəsilə Rusiya qazının tədarükü üçün müraciət 41,2 milyon kubmetr təşkil edir ki, bu da ümumilikdə bir gün əvvəlki (42,12 milyon kubmetr) göstərici ilə, demək olar ki, eynidir.
Mayın 11-dən Ukrayna Rusiya qüvvələrinin nəzarəti altında ("LXR" ərazisində) olduğunu əsas gətirərək, Soxranovka QÖS vasitəsilə tranzit üçün qazın qəbulunu dayandırıb. Nəticədə qazın Avropaya tranziti üçün yalnız bir giriş qalıb - "Sudca" QÖS. "Qazprom" bildirib ki, bütün həcmlərin "Sudca"ya ötürülməsi texnoloji cəhətdən mümkün deyil, şirkət avropalı istehlakçılar qarşısında bütün öhdəliklərini yerinə yetirir və tranzit xidmətləri ödənilir.
Nəticədə mayın əvvəlindən sutkada 90 milyon kubmetrdən yuxarı olan Rusiya qazının Ukrayna ərazisindən tranziti mayın 11-dən etibarən kəskin şəkildə azalıb.
O vaxtdan bəri "Qazprom" gündəlik olaraq Ukrayna vasitəsilə qaz tədarükünü Sudca QÖS-da təsdiqlədiyi həcmdə etdiyini bildirir. Soxranovka QÖS üçün müraciətləri isə Ukrayna QÖS operatoru rədd edir.