BAKI, 1 iyun — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 1-də Serbiya Baş nazirinin müavini, mədən və energetika naziri xanım Zorana Mixayloviçi qəbul edib.
Zorana Mixayloviç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Serbiyanın dövlət başçısına çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev Serbiya Baş nazirinin müavinini qəbul edib
Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.
Zorana Mixayloviç Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin və xalqımızın rifahı naminə görülən işlər, o cümlədən azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri ilə bağlı təbriklərini çatdırıb. Qonaq Azərbaycan şirkətlərinin Serbiyada uğurla fəaliyyət göstərdiyini vurğulayıb. Serbiya Baş nazirin müavini, mədən və energetika naziri işğaldan azad olunmuş ərazilərimizə səfər etdiyini və səfər zamanı dağıntıları öz gözü ilə gördüyünü bildirib.
Dövlətimizin başçısı işğal dövründə ermənilərin torpaqlarımızda törətdiyi böyük dağıntılardan danışıb.
Söhbət zamanı 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi bildirilib, Zorana Mixayloviçin sərgidə iştirakının önəmi qeyd edilib.
Görüşdə ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinə toxunulub.
Azərbaycanda Bakı Enerji Həftəsi başlayıb
Qeyd edək ki, bu gün paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə ev sahibliyi edir.
İyunun 1-dən 4-dək davam edəcək Bakı Enerji Həftəsi ("Baku Energy Week") öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərə və forumda 30 ölkədən 249 şirkət qatılır.
Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.
Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.