BAKI, 1 iyun — Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə məlumatı açıqlayıb.
ANAMA-dan bildiriblər ki, mayın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Xocavənd, Şuşa, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 546, tank əleyhinə 279 mina və 1021 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ay ərzində 2098,8 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
2020-ci il noyabrın 10-dan bu ilin mayın 31-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 11555, tank əleyhinə 5723 mina və 16041 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Eyni zamanda 11666,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Qeyd edək ki, Qarabağın minalardan təmizlənməsi əməliyyatlarında Xorvatiyanın MV-10 və MV-4 mexaniki minatəmizləmə maşınları iştirak edir.