BAKI, 1 iyun — Sputnik. "Anadangəlmə ürək qüsuru olan ananın ürək qüsurlu uşaq dünyaya gətirməsi ehtimalı 50 faizdən daha çoxdur". Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq kardiocərrahı Elnur Həsənov belə deyib.
Onun sözlərinə görə, anadangəlmə ürək qüsurlarının yaranmasına həm genetik faktorlar, həm də hamiləlik dövründə bəzi anaların pis vərdişləri səbəb ola bilər:
"Qeyd edim ki, ürək damar sisteminin formalaşmasında embriogenezin ilk 8 həftəsi önəmli əhəmiyyət kəsb edir".
O həmçinin bildirib ki, bununla birlikdə digər yanaşı səbəblər də var:
"Valideynlərdə, və ya qohumlarda anadangəlmə ürək xəstəliyinin olması, qohum evlilikləri, anada diabet xəstəliyinin olması, hamiləlik dövründə spirtli içki və siqaret istifadəsi, ananın radiasiyaya məruz qalması körpədə bir sıra ürək qüsurlarının yaranmasına səbəb olur".
Həkim qeyd edir ki, ürək nahiyəsinə alınan zərbələr, ağır allergik reaksiyalar, ciddi astmatik status və boğulmalar, anadangəlmə ürək qüsurları uşaqlarda ürəyin qəfləti dayanmasına səbəb ola bilər.
Körpə gidalanması, arxiv şəkli
Nazirlik rəsmisi onu da diqqətə çatdırıb ki, anadangəlmə ürək qüsurları çox geniş diapazonu əhatə edir, ağ və göy qüsurlar olaraq təsnif olunur. Bu qüsurlar arasında erkən yaşda müdaxilə tələb edən qüsurlar göy qüsurlar qrupunda təsnif olunan xəstəliklərdir (Fallo tetradası, trikuspid qapaq atreziyası, böyük damarların transpozisiyası və ya yerdəyişməsi). Cərrahi yanaşma xəstənin vəziyyətindən və qüsurun ağırlığından asılı olaraq dəyişir:
"Göy qüsurlar çox hallarda həyatın ilk aylarında cərrahi müdaxilə tələb edir. Ağ qüsurlar isə qulaqcıqarası çəpərin qüsuru, mədəcik arası çəpər qüsuru və digərləri qüsurun simptomatikasından asılı olaraq müxtəlif vaxtlarda əməliyyat tələb edir".
E.Həsənovun sözlərinə grə, anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası uşağın həyatı üçün kritik səviyyədə önəm kəsb edir:
"Uşaq doğulduğu anda göyərmə, tənəffüs pozğunluqları, xüsusilə də oksigen saturasiyasının ölçülməsi və bu göstəricinin aşağı olması zamanı ürək qüsurundan şübhələnmək olar. Bundan başqa, anada körpənin ürək qüsurlu olması ilə bağlı bəzi şübhələr yarana bilər. Buraya uşağın zəif qidalanması və sakit vəziyyətdə göyərməsi, tənəffüs pozğunluqları, çəki artmaması, gecə tərləmələri aiddir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.