BAKI, 1 iyun — Sputnik. Milli Məclisin deputatları Sabir Hacıyev və Hikmət Məmmədov iyunun 2-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinə səfər edəcəklər.
Sabir Hacıyev MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyası (MDB PA), Hikmət Məmmədov isə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) missiyasının tərkibində Qazaxıstanda iyunun 5-nə təyin olunmuş referendumu müşahidə edəcəklər.
Qeyd edək ki, Sabir Hacıyev Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üzrə keçirilən referendumda iştirak edən MDB PA-nın müşahidəçilər qrupunun koordinatoru təyin edilib.
Deputatlarımız Qazaxıstan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilən referenduma hazırlığın səviyyəsi ilə maraqlanacaqlar, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.
Səfər iyunun 7-də başa çatacaq.