BAKI, 31 may — Sputnik. Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri bu gün Kəlbəcər rayonuna səfər ediblər.
Səfərin məqsədi diplomatları Ermənistanın 30 il ərzində işğal edilmiş Azərbaycan ərazilərində törədilmiş vandalizm aktları barədə məlumatlandırmaqdır.
Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edib.
Qeyd edək ki, Kəlbəcərə səfər Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca 9-cu səfəridir.
Xatırladaq ki, daha öncə də xarici diplomatların işğaldan azad olunan ərazilərə səfəri baş tutub. Onlar bu səfərlər çərçivəsində Şuşa şəhərində Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə baş çəkib, Qazancı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanış olublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.