BAKI, 31 may - Sputnik. İyun ayında bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub. Belə ki, iyunun 15-i Azərbaycan xalqının Milli Qurtuluş Günü, iyun ayının 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür.
İyunun 26-sı bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 27 iyun qeyri-iş günü olacaq.
Beləliklə, iyunun ayının 15-i və 27-si bayramlarla əlaqədar qeyri-iş günüdür.
Qeyd edək ki, 15 iyun Azərbaycanda 1998-ci ildən etibarən dövlət səviyyəsində Milli Qurtuluş Günü kimi qeyd olunur. 1993-cü ilin bu günü Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Həmin gün Milli Məclisin iclasındakı çıxışında o, Azərbaycan dövlətçiliyinin gələcək inkişafı ilə bağlı yeni strategiyanı açıqlayıb.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ölkədə hər il iyunun 26-da qeyd edilir. İlkin olaraq Ordu Gününün qeyd edilməsi haqqında fərman 1992-ci il sentyabrın 18-də verilib. O zaman Silahlı Qüvvələr günü Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ordunun yaradılması haqqında qərarın qəbul edildiyi tarix - oktyabrın 9-u elan edilmişdi. Sonradan Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli fərmanı ilə əvvəlki sənəd ləğv edilib və iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü qeyd olunmağa başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.