BAKI, 31 may - Sputnik. Ötən ilin büdcəsində səhiyyə xərcləri ilk dəfə 1,4 milyard manat təşkil edib. Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, bu gün icbari tibbi sığorta sahəsində uğurlarımızla bərabər problemlərimiz də qalmaqdadır:
“Əsas problemlərdən biri klinikalarda olan tibbi avadanlıqların sıradan çıxması ilə bağlı idi. 2022-ci ildən başlayaraq bu istiqamətdə işlər görülür. İcbari tibbi sığorta ilə bağlı xidmətlər günü-gündən artır. Ancaq əhali arasında böyük tələfat verən xəstəliklər var ki, Xidmətlər Zərfinə daxil edilməyib. Bunlardan biri də onkoloji xəstəliklərdir. Mütləq onkoloji xəstəliklər də icbari tibbi sığorta ilə əhatə olunmalıdır. Hesab edirəm ki, hər hansı bir xəstəlik icbari tibbi sığortadan kənar qala bilməz və bütün xəstəliklər Xidmətlər Zərfinə daxil edilməlidir".
"Digər tərəfdən, yüksək maliyyə tutumlu əməliyyatlar həyata keçirilir, amma icbari tibbi sığorta çərçivəsində növbələr var. Bu problem də həllini tapmalıdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, 2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 26396,3 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,8 faiz (969,3 milyon manat) çoxdur. Keçən il dövlət büdcəsinin xərcləri isə 27422,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 3,9 faiz (1 120.6 milyon manat) az olub. Müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1026,1 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 67,1 faiz azdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.