BAKI, 31 may — Sputnik. Təhsil Nazirliyi ali təhsil müəssisələrində yekun attestasiya ilə bağlı açıqlama yayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, "Ali təhsil pilləsinin dövlət standartı və proqramı" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilib. Bu sənədə əsasən (bənd 7.4), ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır:
"Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir. Bu sənədin qüvvədə olma müddəti 6 ildir. Lakin yeni sənəd qəbul edilənə qədər qeyd olunan sənəd qüvvədədir. Belə ki, hazırda da bu sənəd Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi aktların vahid elektron bazasında qüvvədə olan sənəd kimi yerləşdirilib".
Bununla yanaşı, o da qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş "Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları"nda da (bənd 2.13, 2.15, 2.16) qeyd olunub ki, "2.13. Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Eyni zamanda həmin sənədə əsasən "2.15. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir. 2.16. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir"".
Qeyd edək ki, ali məktəblərin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyirlər. Sosial şəbəkələrdə artıq 30 mindən çox tələbə bu çağırışa qoşulub. Səbəb dərslərin 3 semestr distant, bir semestr isə hibrid formada keçirilməsidir.
Xatırladaq ki, pandemiya ilə əlaqədar iki il ali təhsil müəssisələrində dövlət imtahanı ləğv edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.