CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəzir qutuları nə vaxt yığışdırılacaq: Məscidlər onlayn ödəməyə müqavimət göstərir?

Bakıdakı əsas ibadət ocaqlarından nəzirlərin hələki nəzir qutuları vasitəsilə toplandığı bildirilib.
Sputnik
BAKI, 29 may — Sputnik. Azərbaycanda nəzirlərin elektron qaydada ödənilməsi ilə bağlı qaydalar hazırlanır. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. O qeyd edib ki, hazırda həmin qaydalar hazırlanır, iş gedir: "Bununla bağlı proses gedir. İş yekunlaşdıqdan sonra cəmiyyətə ətraflı məlumat veriləcək".
Bəs görəsən ibadət ocaqları, məscidlər nəzirin yeni qaydada yığılmasına hazırdırmı?
Nəzirlər hələki nəzir qutularına toplanır
Bir neçə məsciddə apardığımız müşahidələr göstərdi ki, ibadət ocaqlarının demək olar ki, hamısında nəzir qutuları qalmaqdadır.
Təzəpir məscidinin həyətində olan nəzir qutusu yerində idi. Məscidin nəzarətçisi bildirdi ki, nəzirlər hələki əvvəlki qaydada qutuya salınır: "Kimin nəziri varsa gətirib nəzir qutusuna salır. Hələki bizdə onlayn formada ianə, nəzir yığılmır".
Bibiheybət ziyarətgah kompleksinin imamı, Qafqaz müsəlmanları İdarəsinin Qazilər şurasının üzvü Hacı Rahib Babayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələki nəzirlərin onlayn formada qəbuluna başlanılmayıb: "Bizim ziyarətgahda nəzir qutusu var. Kim istəsə könüllü şəkildə gəlib ianə edə bilər. Hələki onlayn formada nəzir qəbul edilmir".
Nəzir qutuları saxlanılmalıdırmı?
Deputat Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nəzirlər onlayn qaydada yığıldıqdan sonra da nəzir qutuları ibadət ocaqlarında saxlanılacaq:
"Bu gün informasiya texnologiyaları inkişaf edir. Bir sıra sahələrdə onlayn ödəmələr tətbiq olunur. Biz əslində ianələrin onlayn ödənilməsində bir qədər gecikmişik. Bu gün məscidə ianə etmək üçün vətəndaş evindən çıxıb məscidə getməlidir. Amma nəzirlərin elektron qaydada ödənilməsi ilə bağlı qaydalar hazırlandıqdan sonra vətəndaş evində oturaraq məscidə getmədən onlayn formada ianəni köçürdə biləcək. Hazırda hər məscidin öz bank hesabı var. Həmin hesaba onayn qaydada köçürmək mümkündür".
C. Məmmədov bildirib ki, nəzir qutularının tamamilə yığışdırılması gündəmdə deyil. Onun sözlərinə görə, kim məscidə gedib orada nəzir və ianə etmək istəsə edə bilər: "Bu dünyanın hər yerində var. Sadəcə burada nəzarət mexanizmləri olmaldır. Türkiyənin istənilən məscidində ianə etdikdə qəbzlər verilir. Türkiyə bu qayda çoxdan tətbiq edib. Hətta kiçik məbləğlər də verilərkən qəbz verilir. Qəbzin biri vətəndaşda, digəri dini icmada qalır. Bu sənədə əsasən hesabat aparılır".
İanələrin onlayn qəbulu şəffaflığı artıracaq
Həmsöhbətimiz deyir ki, məscidlərin idarəçiliyi dövlətin nəzarətinə keçib. Kadr təyinatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyatab keçirilir. Ona görə də şəffaflıq baxımından ianələrin onlayn qəbul edilməsi çox yaxşı haldır.
Deputat bildirir ki, ianələrin onlayn köçürülməsi toplanan vəsaitin hara sərf olunmasına olan şübhələri də aradan qaldıracaq. C. Məmmədovun sözlərinə görə, onlayn qaydada ianələrin toplanması insanlarda inam yaradacaq, Bu isə ibadət ocaqlarına ianələrin daha çox verilməsinə səbəb olacaq. Gələcəkdə ianələr hesabına dini icma və məscidlərin öz xərclərinin ödənilməsini həyata keçirdə biləcək.
Nəzir qutularının mühafizəsi zəifdir
Qeyd edək ki, nəzir qutularının mühafizəsi də zəfdir. Xatırladaq ki, bir müddət öncə Lənkəranda məscidlərin nəzir qutuları qarət edilib. Rayonun Tütəpeştə kənd məscidinin içərisindəki nəzir qutusunun sındırılaraq içərisindəki 120 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs "isti izlərlə" müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş, hazırda üzərində elektron nəzarət vasitəsi sayılan elektron qolbağ olan Zülfi Nəzərli olduğu müəyyən edilib.
Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə həmin şəxsin Seydəkəran kənd məscidinin qarşısındakı nəzir qutusunu da sındıraraq içərisindəki pulu oğurladığı müəyyən edilib.
Məlumat üçün bildirək ki, Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək. Bu, "Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinə təklif olunan digər dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Nəzirlərin elektron ödənilməsi nəyi dəyişəcək? Mollalar da dəyişikliyi dəstəkləyir