BAKI, 29 may - Sputnik. Son 2 gündə paytaxtın bulvar ərazisində valideyn nəzarətindən yayınaraq itkin düşən 17 uşaq tapılıb.
"Report" xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
Onun sözlərinə görə, itkin üşaqlar post patrul xidmətinin əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.
Ümumilikdə isə son 4 gündə itkin düşən 35 uşaq tapılaraq ailəsinə qaytarılıb.
O həmçinin bildirib ki, mobil telefonu dənizə düşən vətəndaşın müraciəti dərhal təmin edilib.
"Heç bir müraciətə etinasız yanaşılmır. Vətəndaş müraciət edir ki, mobil telefonu dənizə düşüb. Bildirir ki, mobil cihaz şəxsin olduqca əhəmiyyətli məlumatlarını daşıyırdı. Aidiyyəti üzrə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həmin mobil cihaz tapılaraq sahibinə təhvil verildi", - şöbə rəisi bildirib.