MƏDƏNİYYƏT

Cəlil Cavanşir: "Dövlətin kinoya pul ayırmasını istəmirəm" - VİDEO

Akytor Kamal Yaşar qeyd edir ki, dövlətin ayırdığı pul təyinatı üzrə xərclənməyəcəksə, bir qrup insanların cibinə gedəcəksə, kino sahəsinə büdcənin ayrılması lüzumsuzdur.
Sputnik
BAKI, 29 may — Sputnik. Ötən il Maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında nazir demişdi ki, Mədəniyyət Nazirliyinə kinoların çəkilməsi ilə bağlı vəsait ayrılsa da, bu sahədə hər hansı mühüm dəyişikliklər yoxdur.
Bu dəfə də Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, kinoya ayrılan vəsait azalmalıdır. Bu nə ilə bağlıdır? Buna səbəb dövlət hesabına çəkilmiş filmlərin büdcəsinin açıqlanmaması ola bilərmi? Bundan başqa, çəkilmiş filmlər nümayiş olunmur? Bu suallara Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən diskussiyada cavab axtarılıb.
Yazçı, ssenarist Cəlil Cavanşir Hesablamalar palatasının səsləndirdiyi fikirləri haqlı hesab edir. Onun fikrincə, dövlət kinoya pul ayırmamalıdır. Əgər ayırsa, o pullar batacaq:
"Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsi dövlətdən pulu alır. Sonra da ortalığa heç bir iş qoymurlar. Fikirləşin ki, sizdən pul alırlar, iş görəcəyi barədə vəd verirlər. Amma ortalıqda heç nə yoxdur. Məgər siz pulun hara getdiyini soruşmazsınız? Məsələn, "Həyat, deyəsən gözəldir" filmi çəkilməsi üçün dövlət pul ayırdı. Hanı film? Əgər filmdə problemlər varsa, Qarabağ problemi filmdə düzgün həllini tapmayıbsa, bəs niyə buna öncədən nəzarət olunmamışdı? Bu filmə pul ayıran qurum hara baxır? Bəs film çəkilmişdi? Kastinq elan olunmuşdu, aktyorlar neçə ay əziyyət çəkmişdilər. Amma ortalıqda heç nə yoxdur. Belə çıxır ki, dövlətin ayırdığı pulu Mədəniyyət Nazirliyi havaya səpir".
Yazıçı qeyd edir ki, bu, ilk deyil. Bundan öncə də başqa rejissorların filmləri yarımçıq qalıb:
"Rejissor Mirbala Səlimlinin, Pərviz Həsənovun filmləri də yarımçıq qaldı. Vaqif Mustafayev aylarla o filmə əziyyət çəkib, niyə nümayiş olunmasın? Birdən-birə 50-60 adamın işini büküb qoyublar bir kənara. Yenə də kinoteatrlarda xarici filmlər nümayiş olunur. Olmazdı ki, öz filmlərimiz nümayiş olunsun?! Axı dövlət buna pul ayırıb. Bu baxımdan mən dövlətin kinoya pul ayırmasını istəmirəm".
Ssenarist hesab edir ki, əslində dövlətin kinoya ayırdığı pul dünya ilə müqayisədə çox aşağıdır. Məsələn, Hollivudun bir aktyoruna verilən qonorar qədərdir. Amma biz bunu dünya ilə deyil, Azərbaycan reallıqları ilə müqayisə edirik.
"Dövlətin ayırdığı pul təyinatı üzrə xərclənsə, normal filmlər çəkmək olar. Dövlət pul ayırır. Bir təşkilat yaradırlar. Pul da ortada pərən-pərən düşür. Ortalıqda da heç nə olmur. Ona görə də düşünürəm ki, film biznes sahəsinə çevrilməlidir. Belə olmasa, uğur qazanmaq qeyri-mümkündür, - C.Cavanşir deyib.
Kino agentliyinin yaranması ilə bağlı dövlət başçısı sərəncam verib. Cəlil Cavanşir düşünür ki, agentlik müstəqil qurum olmasa, yəni, Mədəniyyət və İqtisadiyyat nazirliklərindən asılı olsa, heç nə dəyişməyəcək:
"Xaricdə təhsil almış, Azərbaycan mədəniyyətindən bixəbər insanı gətirib qoysalar, heç nə dəyiməyəcək. Yenə də dövlət pul ayıracaq, film çəkilməyəcək. Olacaq o biri qurumların bir tayı".
Rejissor, aktyor, qiraətçi Kamal Yaşar bildirir ki, pulu verən adamın haqq-hesab tələb etməyə haqqı var: "Məsələn, dövlət muğama da pul ayırır. Amma ayırlan pulla muğam sənəti dünyada tanınır, artıq Azərbaycanın brendinə çevrilir. Ona görə də dövlət muğama pul ayırmaqda maraqlıdır. Amma filmə pul ayrılır, amma bu sahə yerində sayır, dövlət də haqlı olaraq düşünür ki, "axı niyə bu sahəyə pul ayıraq?" Məncə, dövlətdəbu məsələ ilə bağlı fikir ayrılığı yaranıb".
Aktyorun sözlərinə görə, bizdə bu sahənin adamları tənqidə açıq deyillər: "Loru dillə desək, pul verən öz hesabatını istəyəcək də. Mən Rüfət Həsənovu tənqid etmək istəmirəm. Onu uzun illər çirkabla hörülmüş bir yerə təyin ediblər. Ora Həsənovu çıxarıb, Məmmədovu da gətirsələr, problem həll olunmayacaq. Təsəvvür edin, sizə deyirik, pul yoxdur, amma "Oskar"lıq film çək. Mümkünsüzdür axı. Bunun üçün münbit şərait yaradılmalıdır. Əks halda keyfiyyətli iş gözləməyək".
Kamal Yaşar əlavə edir ki, Prezidentin 2008-ci il 4 avqust tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" Azərbaycan kino sənətinin inkişafına böyük töhfə idi. Amma heç nə olmadı. Onillik plan icra olunsaydı, çox böyük işlər görmək olardı:
"Hər işin kökündə sevgi dayanır. Kinoya rəhbərlik edənlərdə bu sevgi olmadığına görə, yeyinti oldu, hər kəs öz mənafeyini güddü, nəticə də göz qabağındadır. Ölkə başçısı Kino agentliyinin yaradılması ilə bağlı verdiyi sərəncamla kinoya növbəti şans verdi. Bu dəfə də harama əl atsalar, problem yerində sayacaq. Nəticədə itirən Azərbaycan kinosu olacaq".
Problemlə əlaqədar Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinə müraciət etsək ki, hələlik cavab ala bilməmişik. Əgər onlar suallarımızı və yazarların səsləndirdikləri ittihamları cavablandırsalar, onu oxucularla bölüşəcəyik.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
MƏDƏNİYYƏT
"Tezbazar" tərcümə olunan dublyaj filmləri