BAKI, 28 may — Sputnik. Vətəndaşlar mənzil-tikinti kooperativlərindən (MTK-lar) aldıqları ev və obyektə görə ödədikləri ƏDV-ni geri ala biləcəklər. Bununla bağlı dövlət başçısı fərman imzalayıb. Ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) 30 faizi vətəndaşa geri qaytarılacaq.
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Sputnik Azərbaycan-a deyib ki, indiyədək aldıqları istehlak mallarına görə vətəndaşlara ƏDV-nin geri qaytarılması var idi. Artıq vətəndaşlar nağdsız şəkildə MTK-lardan aldıqları mənzillərə görə də ƏDV-nin 30 faizini geri ala biləcəklər. Məsələn, vətəndaş 150 min manata mənzil alıbsa, bunun 22 min 881 manatı ƏDV təşkil edir. Həmin ƏDV-nin 30 faizi 6 min 864 manatdır. Yəni vətəndaş həmin aldığı mənzilə görə, 6 min 864 manatı geri alacaq.
1 ay içərisində ödənilən ƏDV-nin 30 faizi vətəndaşın hesabına köçürüləcək
O bildirib ki, MTK-lar fiziki şəxslərə mənzil və ya obyekt satan zaman elektron qaimə-faktura tərtib edib vergi orqanına göndərəcək: "Sonra isə vergi orqanına göndərdiyi həmin sənədi çap edib vətəndaşa verəcək. Fiziki şəxs bankda ödəniş edəcək, qəbzi alacaq. Daha sonra elektron qaiməni, alqı-satqı müqaviləsini və ödəniş qəbzini ƏDV geri al portalına daxil edəcək. 1 ay içərisində ödənilən ƏDV-nin 30 faizi vətəndaşın bank hesabına köçürüləcək".
Vətəndaş MTK-dan mənzil və ya obyekt alanda elektron qaimə-fakturanı istəməlidir
Onun sözlərinə görə, bunun üçün vətəndaş ƏDV geri al portalında qeydiyyatdan keçib özünə şəxsi kabinet açmalıdır. Vətəndaş 90 gün içərisində müraciət etməsə, sənədlər portala daxil edilməsə ƏDV geri qaytarılmayacaq. Vətəndaş MTK-dan mənzil və ya obyekt alanda elektron qaimə-fakturanı istəməlidir. Vətəndaşların bir-birilərinə mənzil satmasının buna aidiyyəti yoxdur.
Büdcəyə daxil olan vəsait artacaq
Ekspert əlavə edib ki, burada əsas məqsəd MTK-ların öz satışlarını rəsmiləşdirməsidir: "Əvvəllər bir sıra MTK-lar mənzil və ya obyekt satarkən onu rəsmiləşdirmirdi. Artıq vətəndaş mənzil alanda onlardan elektron qaimə tələb edəcək. Bu addım MTK-lara nəzarət üçün çox yaxşı üsuldur. Nəticədə dövlət büdcəsinə daxil olan vəsaitlər artacaq".
Mənzilin dəyəri tam ödənildikdən sonra ƏDV qaytarılacaq
Vergi hüququ üzrə ekspert Sirac Piriyev Sputnik Azərbaycan-a deyib ki, ƏDV, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılacaq: "Bu, ipoteka ilə mənzil alanlara da aiddir, ödəniş tam bitəndən sonra ƏDV geri qaytarılacaq. Yəni hissə-hissə ödəniş olarsa, mənzilin tam dəyəri ödənildikdən sonra ƏDV bank tərəfindən alıcının hesabına köçürüləcək. Məsələn, vətəndaş 100 min manata ev alıbsa, bunun 15 min 254 manatı ƏDV edir. Həmin məbləğin də 30 faizi 4 min 576 manatdır. Yəni 4 min 576 manat vətəndaşa geri qaytarılacaq".
O əlavə edib ki, vətəndaş mənzil alanda pulu bank hesabından satıcının bank hesabına və ya pulu birbaşa nağd qaydada satıcının bank hesabına köçürməlidir.
Millət vəkili Vüqar Bayramov da bildirib ki, vətəndaş eyni binadan fərqli qiymətə 3 mənzil alıbsa, ən baha olan əmlak sahəsi əsas götürüləcək. Məsələn, bir mənzil üzrə ƏDV məbləği 50 min, digəri üzrə 55, sonuncu üzrə 60 min manat olubsa, bu zaman ƏDV ödənilməsi 60 min manata əsasən həyata keçiriləcək.
ƏDV-nin qaytarılması ancaq sahəsi 500 kvadratmetrədək olan hissəyə aiddir
Qeyd edək ki, qaydaya əsasən, alıcı eyni binadan bir və ya bir neçə mənzil aldıqda, ƏDV-nin qaytarılması mənzilin sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə tətbiq ediləcək.
"Vətəndaşın aldığı əmlakın sahəsi 600 kvadratmetrdirsə, o zaman onun 500 kvadratmetrinə ödədiyi məbləğə görə ƏDV nəzərə alınacaq. Alınan əmlakın 1 kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır. Məsələn, 600 kvadratmetr sahəsi olan əmlaka 900 min manat ödənilibsə, bu o deməkdir ki, əmlakın 1 kvadratmetrinin qiyməti 1500 manatdır. Bu zaman 750 min manatlıq hissəsinin ƏDV-si hesablanacaq və həmin məbləğin 30 faizi alıcıya qaytarılacaq"-deyə deputat diqqətə çatdırıb.
Xatırladaq ki, burada fiziki şəxs deyəndə Azərbaycan vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs nəzərdə tutulur. Satıcı isə ƏDV ödəyicisi olan və Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.