MƏDƏNİYYƏT

Opera və Balet teatrının təmiri nə vaxt yekunlaşacaq? - FOTO

Pandemiya dönəmində başlayan təmir davam edir. Teatrda aparılan təmirlə bağlı bu il teatr mövsümü əvvəlki illərə nisbətən tez bitəcək
Sputnik
BAKI, 27 may — Sputnik. Opera və Balet Teatrının binasının damında XIX əsrin sonlarına aid orijinal cizgilər üzrə hazırlanmış iki yeni günbəz quraşdırılıb.
Bu barədə Opera və Balet Teatrının mətbuat katibi Şükufə Ağamirzəyeva məlumat verib. Mətbuat katibinin sözlərinə görə, qədim bina memar Elçin Əliyevin rəhbərliyi altında xarici mütəxəssislər tərəfindən bərpa olunur.
O bildirib ki, günbəzlər tünd-yaşıl rəng alacaq mis təbəqələrlə örtülüb. Tarixi binada bərpa işləri davam edir: "Fasadlar bərpa olunur, dam örtüyü tamamilə təmir olunub, taxta pəncərə və qapılar dəyişdirilir. Teatr mövsümü başa çatdıqdan sonra isə binanın interyerlərində işlərə başlanılacaq. Gələn il işlər tam yekunlaşacaq".
Teatr mövsümünə gəldikdə isə Şükufə Ağamirzəyeva bildirib ki, teatr mövsümü sözügedən teatrda əvvəlki illərlə müqayisədə tez bitəcək: "Artıq 2-3 tamaşa qalıb. İyunun 4-də sonuncu tamaşa ilə mövsümü yekunlaşdıracağıq. Əvvəlki illər iyula qədər davam edirdi. Pandemiya dönəmində də təmir aparılıb. Həmin müddətdə teatrın inzibati binasında təmir işləri aparılmışdı".
Teatrın yaranma tarixi
1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "Heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək.
Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri-mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev çəkəcək.
Beləliklə, cəmi on ay ərzində – 1910–1911-ci illərdə memar N.Q.Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Ölkəmizdə ən böyük musiqili teatr olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M.F.Axundovun adı verilmişdir. Bu sənət məbədi 1959-cu ildən Akademik Opera və Balet Teatrı adlanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!