CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MTK 11 il qazdan pulsuz istifadə edib

Qarşı tərəf yekunda hesablanacaq dəymiş ziyanı ödəməzsə, məsələ məhkəmə predmetinə çevriləcək
Sputnik
BAKI, 27 may — Sputnik. Qazdan 11 il pulsuz istifadə edən MTK müəyyən edilib.
Bunu jurnalistlər üçün keçirilən brifinqdə"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev sorğumuza cavab olaraq deyib.
E.Vəliyevin sözlərinə görə, bu həftə 62 sakinin yaşadığı “Bakı-2010” adlanan MTK-nın qeyri-qanuni qoşulması ilə bağlı işin üstünü açılıb: "Hımin MTK öncə qazın verilişinin dondurulması ilə bağlı müraciət ediblər, daha sonra isə qeyri-qanuni yolarla xəttə qoşularaq abonentlərin pulsuz olaraq qaz istehlakına şərait yaradıb. Artıq bu faktın üstü bizim peşəkar əməkdaşlar tərəfindən açılıb. Yəqin ki, dəymiş ziyan hesablanacaq. Qarşı tərəf dəymiş ziyanı ödəməkdən imtina edərsə, məsələ məhkəmə predmetinə çevriləcək".
O birliyə kifayət qədər ziyanın dəydiyini deyərək bildirib ki, faktlabağlı digər təfərrüatlar məlum olduqca ictimaiyyətə ətraflı məlumat veriləcək: "Ümidvaram ki, bundan sonra bu nəticənin ağırlığını nəzərə alan MTK rəhbərləri belə addımlar atmayacaqlar. Biz bütün MTK-ları şəffaf işləməyə dəvət edirik”.
E.Vəliyev əlavə edib ki, “Azəriqaz” öz növbəsində qazın qeyri-qanuni istifadə olunmasının qarşısını almaq istiqamətində əlindən gələni etməyə hazırdır və bu kontekstdə müxtəlif səviyyələrdə mərhələli şəkildə debitor borclar üzrə ödənişlər təşkil edə bilər.
E.Vəliyev qeyd edib ki, bunadək bənzər hadisələr baş versə də, “Bakı-2010”da aşkarlanan bu fakt ilk belə iri həcmli hadisədir: "Bunadək 11 il qeyri-qanuni yollarla qazdan pulsuz istifadə halı qeydə alınmamışdı".
Birlik rəsmisi "Location" gecə klubunda baş verən partlayışdan sonra bu günədək olan monitorinqlərdən də söz açıb. O qeyd edib ki, bu partlayışdan sonra 2600 obyektə baxış keçirib: "Nəticədə, Bakı və regionlarda 420 nöqsan aşkarlanıb və qeyd olunan hallar üzrə qaz təminatı dayandırılıb. Nöqsanlar tikinti norma v-qaydaları, layihə-smeta sənədləri qaydalarının tələblərinin pozulması ilə bağlıdır".
O qeyd edir ki, bu halların əksəriyyəti Bakı və Abşeron rayonunu əhatə edir, regionlarda bu göstərici aşağı səviyyədədir.
Qeyd olunub ki, hazırda "Azəriqaz" İB-nin 37 844 qeyri-əhali sektoruna aid olan abonenti var və yoxlamalar bu qrupdan olan bütün abonentləri əhatə edəcək.
Xatırladaq ki, ötən ilin oktyabrında “Azəriqaz”ın baş direktorunun təşəbbüsü ilə, Abonentlərə satılan qaza nəzarət şöbəsinin tabeçiliyində MTK və digər obyektlərin qaza qeyri-qanuni birləşmələri ilə mübarizə üçün xüsusi işçi qrupu yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!