Ölkənin keçmiş baş naziri İmran Xan mayın 25-də Pakistanın paytaxtında partiyanın tərəfdarlarının "Müstəqillik yürüşü" keçirəcəyini elan edib. Öz növbəsində Pakistan hökuməti bu yürüşə mane olmaq niyyətini açıqlayıb və İslamabad şəhərinə gedən yolların bir hissəsini bağlayıb.
Mayın 25-də axşam saatlarında Xanın rəhbərlik etdiyi yürüş paytaxt ərazisinə daxil olub. İslamabada gedən yolda etirazçılar polislə toqquşub. Verilən xəbərlərə görə, hər iki tərəfdən onlarla insan xəsarət alıb. Qarşıdurma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları dəfələrlə gözyaşardıcı qaz tətbiq edib və havaya atəş açıblar.
Pakistanın Ali Məhkəməsinin keçmiş baş naziri İmran Xanın və onun rəhbərlik etdiyi müxalif "Ədalət uğrunda hərəkat" partiyasının fəallarının parlament seçkilərinin tezliklə keçirilməsi tələbi ilə İslamabada yürüşü ilə əlaqədar həbs olunmasını qadağan edib.
Pakistan Ali Məhkəməsi hakimiyyətdən həmçinin paytaxtın blokadasını ləğv etməyi, əvvəllər həbs olunmuş 300-ə yaxın lider və fəalını azad etməyi, evlərində axtarışları dayandırmağı və müxalifətin polislə toqquşmalara səbəb ola biləcək qanunsuz hərəkətlərə əl atmayacağı müqabilində "lazımsız güc tətbiq etməkdən imtina etməyi" tələb edib. Bu şərtlər daxilində Pakistan Ali Məhkəməsi yürüş və nümayişlərin İslamabadın bu aksiyalar üçün ciddi şəkildə ayrılmış ərazilərində keçirilməsinə icazə verib.