İQTİSADİYYAT

Ələt Azad İqtisadi Zonasına verilən güzəştlər artırılır

Azərbaycan müəssisələri və Ələt İqtisadi Zonasında fəaliyyət göstərən xarici ölkələrin müəssisələri üçün bərabər şəraitin yaradılmasını özündə ehtiva edən dəyişikliklərə ehtiyac yaranıb
Sputnik
BAKI, 21 may - Sputnik. Milli Məclisdə “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklik müzakirə edilib.
Komitə sədri Tahir Mirkişili qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə daxil olan layihədə Azad Zonanın fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar yeni maddələr öz əksini tapıb.
Komitə sədri Ələt İqtisadi Zonasının açılışı zamanı dövlət başçısının zonanın gələcək inkişaf fəaliyyəti, investorların cəlb olunması üçün görüləcək işlər, qanunvericiliklə bağlı qarşıda duran tələblər barədə verdiyi tövsiyələrdən bəhs edib.
Milli Məclisin deputatı, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tahir Mirkişili
O həmçinin qeyd edib ki, bu gün Qərblə Şərq arasında ticarət əlaqələrinin genişlənməsində Azərbaycanın rolu artmaqdadır:
"Bu yeni əlaqələrin inkişafında Ələt İqtisadi Zonası da əhəmiyyətli yer tutur. Bildirilib ki, aparılan təhlillər nəticəsində əsas məsələ ondan ibarət olub ki, Azərbaycan müəssisələri və Ələt İqtisadi Zonasında fəaliyyət göstərən xarici ölkələrin müəssisələri üçün bərabər şəraitin yaradılmasını özündə ehtiva edən dəyişikliklərə ehtiyac yaranmışdır. Bu və digər məqamları nəzərə alaraq mövcud qanuna bir sıra dəyişikliklərin edilməsi təklif olunur".
Diqqətə çatdırılıb ki, təqdim olunan qanun layihəsi Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb və Zonanın səlahiyyətli qurumunun səlahiyyətlərində, onun hüquq və vəzifələrində, Azad zonada vergi və gömrük tənzimləməsində, investorların hüquqlarının qorunmasında və mübahisələrin həlli mexanizmlərində müvafiq təkmilləşdirmələri nəzərdə tutur.
Dəyişikliklərdə Azad Zonada vergi tənzimlənməsinin dəqiqliyini təmin etmək, güzəşt və azadolmaların hədlərini və səmərəliliyini artırmaq üçün “əsas iqtisadiyyatın vergi ödəyicisi” anlayışının daxil edilməsi, 4-cü maddənin adının “Azad Zonada tətbiq edilən əsas iqtisadiyyat qanunvericiliyi” olaraq dəyişdirilməsi və Azad Zonada tətbiq ediləcək əsas iqtisadiyyat qanunvericiliyi sırasına Azərbaycan Respublikasının cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə qanunvericiliyinin əlavə edilməsi təklif olunur.
Layihədə, həmçinin Azad Zona səlahiyyətli qurumunun fəaliyyətinin səmərəliliyinin təmin edilməsi üçün hüquqlarının genişləndirilməsi, vergitutma məsələlərinin dəqiqləşdirilməsi, maliyyə xidmətləri göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyinin tətbiq edilməsi, gömrük münasibətlərində yarana biləcək ziddiyyətlərin aradan qaldırılması ilə bağlı məsələlər öz əksini tapıb.
Bununla yanaşı, sənəddə Azad Zonaya investisiya qoymaq və Azad Zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini xaricə köçürmək hüququ, habelə xarici valyuta ilə işləmək və əməliyyatlar aparmaq hüququ olan şəxslərin dairəsi dəqiqləşdirilir. Mübahisələrin həlli ilə bağlı müddəalarda bəzi düzəlişlər aparılıb.
Qanuna edilən düzəlişlərin əsas mahiyyəti Azad Zona ilə Azərbaycanın əsas iqtisadiyyatının vergi ödəyiciləri arasında münasibətlərin tənzimlənməsi, vergiqoyma və vergitutmada həmin müəssisələrin digər ölkələrdən olan müəssisələrlə rəqabətdə uduzmaması, gömrük məsələlərində rəsmiləşdirmənin daha rahat olması və Azad Zonanın dünyanın istənilən bir ölkəsi ilə rahat formada ticarət əlaqələrinin qurması ilə bağlı məsələlərin həlli ilə əlaqədardır.
İclasda iştirak edən Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov çıxış edərək bildirib ki, qanuna təklif olunan əlavə və dəyişikliklər Azərbaycan müəssisələri üçün çox əhəmiyyətlidir. O, Azərbaycan məhsullarına, xidmətlərinə tələbatın artırılması baxımından dəyişikliklərin vacibliyindən danışıb. Qurum rəhbəri bildirib ki, məqsəd Azərbaycan müəssisələri üçün yeni imkanlar yaratmaqdan ibarətdir.
Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov
Müzakirələrin sonunda “Ələt azad iqtisadi zonası haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edən "Ələt Azad İqtisadi Zonası haqqında" 18 may 2018-ci il tarixli Qanun imzalayıb. 2020-ci ildə "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" İlham Əliyev tərəfindən fərman verilib.
Fərmana əsasən, Ələt azad iqtisadi zonası (Azad Zona) və Azad Zonanın səlahiyyətli qurumu yaradılıb. Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilib. Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumu ləğv olunub.
"Ələt Azad İqtisadi Zonası haqqında" qanun layihəsi daha çox 1985-ci ildə Dubayda yaranmış və dünya praktikasında uğurla fəaliyyət göstərən azad iqtisadi zonalardan biri kimi özünü təsdiq etmiş Cəbələli azad ticarət zonasının fəaliyyət prinsiplərini özündə əks etdirən modelə uyğun hazırlanıb.
Qanunun əsas məqsədi təsərrüfat subyektləri üçün maksimum əlverişli vergi, gömrük, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi və sair rejimləri yaratmaqla Ələt Azad İqtisadi Zonasını xarici şirkətlər, investorlar üçün cəlbedici etməkdir. Yəni belə zonalarda kənar müdaxilə ehtimallarını məhdudlaşdırmaqla, azad iqtisadi zonanın səlahiyyətli qurumuna geniş səlahiyyətlər verilir və səmərəli fəaliyyət imkanları yaradılır.
Təsərrüfat subyektləri xüsusi rejim altında fəaliyyət göstərirlər. Dubaydakı azad iqtisadi zonadakı kimi Ələtdə də birpəncərəli sistemin tətbiqi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.