TƏHSİL

Bu il məktəblilər üçün pulsuz yay düşərgələri təşkil olunacaq?

Təhsil Nazirliyindən bildirilib ki, artıq bununla bağlı işlər görülür, bir müddət sonra STEM Yay Düşərgəsi fəaliyyətə başlayacaq.
Sputnik
BAKI, 27 may — Sputnik. 2021-2022-ci il tədris mövsümünün başa çatması yay düşərgələri ilə bağlı problemi yenidən aktuallaşdırıb. Lakin yay düşərgələri ilə bağlı hələlik konkret addımlar atılmayıb.
Təhsil eksperti Elşən Qafarov belə deyib. Onun sözlərinə görə yay düşərgələrini məktəblərdə, səfalı yerlərdə, xüsusən dənizə yaxın ərazilərdə tikilib istifadəyə verilən məktəb binalarında yaratmaq olar. Bununla da ölkədə qısa müddətdə böyük bir yay düşərgəsi sistemini qurmaq mümkündür.
"Hazırda işğaldan azad edilən ərazilərdə quruculuq işləri gedir. Azad olunmuş ərazilərdə yay düşərgələrinin salınması məktəblilərin istirahəti üçün əlverişli olardı", - ekspert deyib.
Mütəxəssisin fikrincə, belə düşərgələri səfalı təbiəti, çayı, meşəsi olan ən ucqar dağ kəndlərində də yaratmaq olar.
Yay düşərgələrini yaradarkən Rusiya, Qazaxıstan və digər ölkələrin təcrübəsindən yararlanmaq mümkündür. Hətta bəzi məktəblərə maliyyə vəsaiti ayırmaq olar ki, onlar həm də yayda düşərgə kimi fəaliyyət göstərsinlər.
Dövlət tərəfindən pulsuz yay düşərgələrinin təşkil olunmaması bəzi işbazlara şərait yaradıb
Təhsil eksperti Kamran Əsədovun fikrincə, yay düşərgələrinin yoxluğunun acı nəticəsidir ki, bu gün uşaqlar üçün istirahət anlayışı meşədə kabab çəkməkdən, dəniz qırağında istirahət etməkdən başqa bir şey deyil.
Özəl yay düşərgələrində təklif olunan qiymətlərin reallığı əks etdirmədiyini vurğulayan təhsil eksperti bildirir ki, burada adambaşına düşən vəsait kifayət qədər yüksəkdir. Halbuki, Azərbaycanın da qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsasən onların istirahət hüququnu təmin etmək üçün düşərgələrin adambaşına düşən maliyyə xərcləri reallığa uyğun olmalıdır:
"Düşərgə üçün adambaşına 300 manat real qiymət deyil. Düşünürəm ki, adambaşına 21 gün üçün bu qiymət maksimum 50-70 manatdan artıq ola bilməz".
Çıxış yolu var, bununla hətta tələbələri də işlə təmin etmək olar
Hazırda Azərbaycanda mövcud olan 160 min tələbənin böyük hissəsinin işsizliyini əsas gətirən ekspert bildirir ki, yayda bu gənclərin işlə təmin olunması üçün aidiyyatı qurumlar düşərgələrlə bağlı layihələr hazırlaya, tələbələr də həmin layihənin icrasında töhfələrini verə bilərlər.
Millət vəkili Ceyhun Məmmədov isə bildirir ki, şagirdlərin vaxtının səmərəli keçirilməsi üçün bu cür düşərgələrin yaradılması önəmlidir: "Bu heç də kiçik iş deyil. Təhsil Nazirliyi bununla bağlı qərar qəbul edə bilər. Ümid edirəm ki, bu məsələyə gələcəkdə baxılacaq. Bu gün bəzi şəxslər dar çərçivədə də olsa bu işi görürlər".
Təhsil Nazirliyi bu yayla bağlı nə qərar verəcək?
Təhsil Nazirliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, bu ildən STEM (Elm, texnologiya, riyazi biliklərin təkmilləşdirilməsi üçün innovativ proqram) Yay Düşərgələrinə start veriləcək. Bu proqram bütün rayonları və məktəbləri əhatə edəcək, özü də pulsuz olacaq. Bu proqram şagirdlərə fənn müəllimləri tərəfindən tədris ediləcək.
Nazirlikdən bildirilib ki, STEM düşərgələri ilə bağlı detallı məlumatlar qısa müddətdə ictimaiyyətə açıqlanacaq.
Özəl yay düşərgələrində qiymətlər nə qədərdir?
Məktəblilər üçün yay düşərgələri təşkil edən mərkəzlərdə 2 aylıq istirahət qiymətləri 170 manatdan başlayır.
Xatırladaq ki, sovet dövründə məktəblilərinin 3 aylıq yay tətilini daha səmərəli keçirmələri üçün pioner düşərgələri fəaliyyət göstərirdi. Lakin ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın torpaqlarının bir hissəsinin ermənilər tərəfindən işğal olunması nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların bir hissəsi həmin düşərgələrdə yerləşməli oldular. Nəticədə yay düşərgələrinin fəaliyyəti tam dayandırıldı.
Qeyd edək ki, hazırda müxtəlif dövlət qurumlarının Həmkarlar İttifaqlarının nəzdində 4 yay düşərgəsi fəaliyyət göstərir. 3 ay ərzində bu düşərgələr 3400 şagirdi qəbul etmək imkanına malikdir. Uşaqlar bu düşərgələrdə 21 gün müddətində qala bilərlər. Nabranda və Bakının Şüvəlan qəsəbəsində yerləşən "Olimp", "Şahin", "Aypara" uşaq düşərgələri ilə yanaşı Milli Elmlər Akademiyasının da uşaq-sağlamlıq düşərgələri var. Övladlarını həmin düşərgələrə göndərmək istəyən valideynlər müvafiq Həmkarlar İttifaqına xərclərin 1 faizi həcmində pul ödəməlidirlər. Qanunvericiliyə görə, 180 manatlıq göndərişə görə valideyn 27 manat ödəməlidir.
Xatırladaq ki, hazırda 500 min şagirdin təhsil aldığı 10-dan çox bölgədə STEM mərkəzlər fəaliyyət göstərir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.