BAKI, 27 may — Sputnik. Milli Məclisin bugünkü plenar iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişiklik müzakirə edilib. Komitə sədri Əhliman Əmiraslanov layihə barədə çıxış etdikdən sonra deputatlar fikirlərini bölüşüblər.
Deputat Asim Mollazadə deyib ki, "Human Rights Watch" təşkilatının 1994-cü ildə yaydığı hesabatında Ermənistanda əsirlikdə olan Azərbaycan hərbçilərinin orqanları çıxarıldığına görə onların öldüyü qeyd edilmişdi.
Deputat bildirib ki, təşkilat bu hesabatı artıq internetdən yığışdırıb: "Həmin təşkilat o hesabatı 1994-cü ildə çap etmişdi. Lakin hazırda həmin hesabat yox olub, təşkilatın internet səhifəsində də yoxdur. Biz törədilən hərbi cinayətlərin ciddi araşdırılmasını davam etdirməliyik. Azərbaycan hüquq-mühafizə orqanları bu məsələni yenidən qaldırmalıdır, hərbi cinayətləri törətmiş erməni cəlladları məsuliyyətə cəlb olunmalıdır".
A.Mollazadə bu məsələyə həssas yanaşılmasının zəruriliyindən danışıb.
Qeyd edək ki, 20 oktyabr 2020-ci il tarixdə Milli Məclis tərəfindən "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun qəbul edilib.
Həmin qanunla müəyyən edilmiş münasibətlərin pozulmasına görə İnzibati Xətalar və Cinayət məcəllələrinə müəyyən dəyişikliklər təklif edilib. Belə ki, İnzibati Xətalar Məcəlləsinə insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddə əlavə edilir. Həmin maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin orqanın təsdiq etdiyi siyahıda olmayan tibb müəssisələri və digər şəxslər donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracına görə həm vəzifəli şəxslər, həm də hüquqi şəxslər üçün cərimələr müəyyən edilir. Əlavədə, həmçinin orqan donorluğu və transplantasiya zamanı anonimliyin qorunmamasına görə, canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəliklər barədə məlumatın verilməməsinə görə də müvafiq cərimələr təsbit olunur.
Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə isə insan orqanlarının və toxumalarının, həmçinin donor orqanlarının alqı-satqısına dair, habelə şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetməyə görə nəzərdə tutulan cəza növləri öz əksini tapıb.
“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna da uyğunlaşdırma xarakterli bəzi düzəlişlər nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!